Ukraynanın yeni partiyaları nə təklif edir?
- 03 İyul 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetŞərh
İyun ayı Ukraynanın fırtınalı siyasi həyatında mühüm dövr idi. Bir çox yeni siyasi partiya – Xalq Xidmətçisi, Səs, Güc və Şərəf, Ukrayna Strategiyası və digərləri qurultaylar keçirib iyulun 21-nə təyin olunmuş növbədənkənar parlament seçkisinə proqram və namizədlərini təqdim etdilər.
Seçki yarışının üç yeni partiyasına nəzər salaq.
Xalq Xidmətçisi Partiyası
Partiya öz adını məşhur teleserialdan götürüb. Serialda baş rolu – prezident seçilən müəllim obrazını Ukraynanın indiki dövlət başçısı Vladimir Zelenski canlandırıb. Bu partiyanın seçki kampaniyası Zelenskinin seçki kampaniyasının davamıdır.
Partiyanın “birlikdə edəcəyik” şüarı (sadə insanların köhnə siyasətçilərdən yorulmasına işarə) ictimai tələbatı siyasətdəki yeni şəxslərin hesabına təmin etməyi hədəfləyir. Qurumun proqramı Ukraynanı azad, müstəqil və uğurlu bir Nağıllar Ölkəsinə çevirmək kimi 16 ideyadan ibarətdir.
Xalq Xidmətçisinin seçki qərargahının rəhbəri Aleksandr Korniyenko deyir ki, partiyanın siyahısı prezident kampaniyası zamanı Zelenskiyə məsləhət verən ekspertlərdən, Zelenski komandasının regional rəhbərlərindən və ideya liderlərindən ibarətdir. Amma siyahıda Kolomoyski komandasının adamları da yer alır. Kolomoyskiyə məxsus “1+1” media qrupunun baş direktoru Aleksandr Tkaçenko partiya siyahısında 9-cu sıradadır.
Partiya majoritar dairələrdəki namizədlərinin də adlarını açıqlayıb. Onlar Zelenski komandasının regional təmsilçiləri, Kolomoyskinin UKROP Partiyasından olan şəxslər və yerli iş adamlarıdır.
Amma siyahıda Maydan əleyhinə olan, SSRİ-nin xiffətini çəkən bloqçu Maksim Bujanski kimi fərqli şəxslərə də rast gəlmək olar.
Ukraynanın bəzi KİV-ləri iddia edirlər ki, Xalq Xidmətçisi partiya siyahısındakı yerləri 2 milyon dollara, majoritar dairələrdən namizəd statusunu isə 300 min dollara satır. Ancaq sübutlar təqdim olunmayıb və Korniyenko ittihamları rədd edir.
Xalq Xidmətçisi Partiyası post-praymeriz yoxlaması təklif edib. Belə üsulla insanlar siyahıya daxil edilmiş namizədin qaranlıq keçmişi olmasına dair sübutlar göndərir və həmin şəxslər siyahıdan çıxarılır. Bu günə qədər beş namizəd siyahıdan kənarlaşdırılıb.
Bu partiyanın Ali Radaya nəzarət etmək, növbəti Nazirlər Kabinetini, o cümlədən baş nazir postunu götürmək üçün real şansları var.
Son sorğunun nəticələrinə əsasən, Xalq Xidmətçisi Partiyasını mövqeyi bəlli olan seçicilərin 47%-i dəstəkləyir. Bu göstərici partiyaya parlamentdə 135 yer almaq imkanı verir. Radada mandat çoxluğu üçün 226 deputat tələb olunur. Çox güman, Xalq Xidmətçisi majoritar dairələrdə ən azı 91 yer alıb hakim partiya olacaq.
Səs Partiyası
Prezident seçkisi zamanı Ukraynanın rok-ulduzu Svyatoslav Vakarçukun yarışmaya qatılacağı gözlənirdi. Bunun əvəzinə o, 2019-cu ilin may ayında diqqət mərkəzində insanın olduğu yeni qurumu – Səs Partiyasını rəsmi şəkildə təqdim etdi. Partiyanın proqramında deyilir: “Biz insanın mütləq dəyər olacağı cəmiyyət qurmaq istəyirik”.
Partiya siyahısı ekspertləri, hökumətdə fəaliyyət təcrübəsi olan islahatçıları, vətəndaş cəmiyyəti fəallarını və sahibkarları bir araya gətirir. Məsələn, mənzil təhlükəsizliyi ilə məşğul olan, “Amazon” şirkətinin 1 milyard dollara aldığı “Rinq” şirkətinin Ukrayna ofisinin baş əməliyyat direktoru Kira Rudnik siyahıda 3-cüdür. Əvvəllər Korrupsiya Əleyhinə Mərkəzin fəalı olmuş Aleksandra Ustinova siyahıda 5-ci, “Transperensi İnterneşnl Ukrayna”nın sabiq rəhbəri Yaroslav Yurçişin 7-cı yerdə qərarlaşıb.
Partiyanın əsas namizədləri gəncləri səfərbər etmək üçün 300 kiçik şəhərə baş çəkəcəklər. Ümumilikdə partiyanın uğuru Vyaçeslav Vakarçukun və onun Ukraynada çox sevilən “Okean Elzı” rok-qrupunun məşhurluğuna bağlıdır.
Son sorğunun nəticələrinə görə, Səsi mövqeyi bəlli olan seçicilərin 8,1%-i dəstəkləyir və partiyanın Ali Radanın yeni tərkibində 23 mandat almaq şansı var.
Güc və Şərəf Partiyası
Güc və Şərəf Partiyasına 2003-2005-ci illərdə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş və sabiq prezident Pyotr Poroşenkonun müşaviri İqor Smeşko başçılıq edir. Partiyanı yeni adlandırmaq çətindir. Güc və Şərəf 2014-cü ilin parlament seçkisinə qatılıb, 1%-dən az səs toplayıb və faktiki sezilməyib.
İndi durum fərqlidir. Sorğular partiyaya 5% dəstək göstərir və Güc və Şərəfin Radaya düşmək üçün real şansı var.
İqor Smeşko hazırda üzdədir. Prezident seçkisinin ilk turunda o, hər hansı reklam, o cümlədən televiziya reklamı olmadan 6% səs qazanmışdı. Smeşko kampaniyasını internet vasitəsilə özünün “You Tube” kanalında aparırdı. O, şöhrətinə görə 40-dan yuxarı yaş qrupunda məşhur olan ukraynalı jurnalist Dmitri Qordona borcludur. Qordon prezident yarışmasında auditoriyasını Smeşkoya səs verməyə çağırıb və may ayında onun seçki kampaniyasına rəhbərlik edib.
Jurnalist 10-18% səslə gələcək hakim koalisiyada iştiraka ümid edir. Onun sözlərinə görə, Güc və Şərəfin seçki strategiyası Smeşkonun prezident seçkisi zamanı apardığı kampaniya üzərində qurulacaq və ənənəvi KİV-dən çox internetə və ideya liderlərinə söykənəcək.
Güc və Şərəf özünü Xalq Xidmətçisi və Səs partiyalarının alternativi kimi görür. Bu iki partiya siyasətə yeni şəxslər, Güc və Şərəf isə yetkin peşəkarlar gətirməyi vəd edir. Partiya siyahısının ilk onluğundakı üç nəfər, ö cümlədən iş adamı İqor Miroşniçenko və Yelena Sotnik daha əvvəl Lvovda kök atmış Samopomoş Partiyasına bağlı olub.
Güc və Şərəfin proqramına əsasən, partiyanın əsas hədəfi güclü orta sinfin formalaşmasıdır. Partiya həmçinin oliqarxlaşmanın qarşısını almaq, korrupsiya ilə mübarizə və kommunal tariflərin aşağı salınmasını vəd edir.
Yeni partiyalar arasında Xalq Xidmətçisi, Səs və Güc və Şərəf partiyalarının Ali Radaya düşmək və yeni hökumətdə təmsilçilik əldə etmək şansları daha çoxdur.
Amma parlament yarışmasında digər yeni siyasi partiyalar da iştirak edir. Baş nazir Vladimir Qroysmanın Ukrayna Strategiyası Partiyası və Mixail Saakaşvilinin Yeni Qüvvələr Hərəkatı yalnız iki nümunədir.
Bütün bu “yeni şəxslər” köhnə siyasi sistemdən cana doymuş və nikbin dəyişiklikləri çox arzulayan seçicilərin ovqatından istifadəyə ümid edirlər. İyulun 21-də onların hansının uğur qazanacağı bəlli olacaq.
Vitali Rıbak, “İnternews-Ukrayna” və “UkraineWorld”un analitiki və jurnalisti
Məqalə ilk dəfə “Atlantic Council” və “UkraneWorld”də dərc olunub.