Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkilləri Kassasiya Məhkəməsinə şikayət verəcəklər. İyulun 3-də onların Apellyasiya Məhkəməsinin rəsmi qərarını aldıqları bəyan olunub.
İyunun 25-də Apellyasiya Məhkəməsi paytaxt Yerevanda sabiq prezident Robert Köçəryan və başqalarının işi üzrə Baş Prokurorluğun şikayətinə baxışı tamamlayıb. Məhkəmə Baş Prokurorluğun Robert Köçəryanın azadlığa buraxılması və mühakimənin dayandırılması qərarlarından şikayətlərini təmin edib, Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarı ləğv edilib.
Apellyasiya Məhkəməsinin qərarından dərhal sonra Robert Köçəryan yenidən istintaq təcridxanasına yerləşdirilib.
Novator.az-ın məlumatına görə, sabiq prezidentin vəkilləri prosesdə çıxış imkanlarından məhrum olunduqlarını bəyan edərək Kassasiya Məhkəməsinə şikayət verəcəklərini açıqlayıblar. Onlar 25 iyun qərarlarının kobud pozuntularla qəbul edildiyini vurğulayırlar.
Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən prezidenti olub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət onun varisi Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.
Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
2019-cu il mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Mayın 18-də Avan və Nor Nork məhkəməsi pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxmış, mayın 20-də isə məhkəmə prosesi dayandırılmış, iş rəy üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.