İyunun 20-də general-polkovnik Ramil Usubov daxili işlər naziri vəzifəsindən azad edilərək Təhlükəsizlik Şurasının katibi təyin olunub.
1948-ci il təvəllüdlü Ramil Usubov 1970-ci ildən daxili işlər orqanında xidmət edib. Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, Əli-Bayramlı Şəhər-Rayon Milis Şöbəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (iki dəfə), Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi, Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrini tutub.
29 aprel 1994-cü ildən daxili işlər naziri olub.
Ramil Usubovun 20 iyun 2019-cu ildən katiblik etdiyi Təhlükəsizlik Şurasının tarixi 28 il əvvələ gedib çıxır.
Novator.az bildirir ki, 1991-ci il mayın 14-də prezident Ayaz Mütəllibovun başçılığı ilə Milli Təhlükəsizlik Şurası yaradılıb.
Dövlət başçısı yanında məşvərətçi orqan kimi qurulan Milli Təhlükəsizlik Şurasına baş nazir; Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsinin sədri; daxili işlər naziri; baş prokuror; Dövlət Təhlükəsizliyi Komitəsinin sədri; hərbi komissar; xarici işlər naziri daxil edilib.
Prezident fərmanında Milli Təhlükəsizlik Şurasına respublikanın müdafiəsi, onun bütövlüyünün qorunması siyasətinin həyata keçirilməsinə, iqtisadi və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, eləcə də fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına dair tövsiyələr hazırlamaq həvalə olunub.
29 yanvar 1992-ci ildə Milli Təhlükəsizlik Şurasının tərkibi yenilənib. Quruma baş nazir; dövlət katibi; hüquq siyasəti üzrə dövlət müşaviri; milli təhlükəsizlik naziri; müdafiə naziri; daxili işlər naziri; xarici işlər naziri üzv olub.
1992-ci ildə Ayaz Mütəllibov hakimiyyətdən gedəndən sonra Milli Təhlükəsizlik Şurası fəaliyyət göstərməyib.
1997-ci il aprelin 10-da prezident Heydər Əliyevin fərmanı ilə Təhlükəsizlik Şurası yaradılıb. Quruma bu vəzifəli şəxslər daxil edilib: Milli Məclisin sədri; baş nazir; Prezidentin İcra Aparatının (Prezident Administrasiyasının) rəhbəri; xarici siyasət məsələləri üzrə dövlət müşaviri; hərbi işlər üzrə dövlət müşaviri; baş prokuror; xarici işlər naziri; müdafiə naziri; milli təhlükəsizlik naziri; daxili işlər naziri.
Prezident yanında məşvərətçi orqan kimi qurulan Təhlükəsizlik Şurasına vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentə yardımçılıq həvalə olunub.
Qaydaya görə, Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir.
20 iyun 2019-cu ilə qədər şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirib.
Katibin işi Təhlükəsizlik Şurasının fəaliyyətini təmin etmək, onun iclaslarının hazırlanmasına rəhbərlik etməkdir.
İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydasını katibin təqdimatı əsasında prezident müəyyənləşdirir.
Hazırda Təhlükəsizlik Şurasının iclaslarında baş nazir, Milli Məclisin sədri, Prezident Administrasiyasının rəhbəri, xarici işlər naziri, müdafiə naziri, daxili işlər naziri, baş prokurorla yanaşı Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi və başqa rəsmilər də iştirak edirlər.