Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərini yarımçıq saxlayaraq Gürcüstana qayıdıb.
Məlumatı “Turan” agentliyi Gürcüstan parlamentinin aparatına istinadla yayıb.
İrakli Kobaxidze Azərbaycana iyunun 20-si gəlmişdi. Həmin gün səhər o, Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Bundan sonra İrakli Kobaxidze Gürcüstanda yaranmış insidentlə bağlı səfərini yarımçıq saxlamalı olub.
Gürcüstan prezidenti Salome Zurabişvili də Belarusa rəsmi səfərini yarımçıq saxlayaraq Tbilisiyə qayıdıb.
İyunun 20-si Gürcüstan parlamentində Pravoslav Parlamentlərarası Assambleyasının sessiyası keçirilib. Tədbirə assambleyanın prezidenti, Rusiya Dövlət Dumasının kommunist deputatı Sergey Qavrilovun sədrlik etməsi müxalif deputatların sərt etirazına səbəb olub, onlar beynəlxalq tədbiri yarımçıq dayandırıblar.
Müxaliflər etirazı Sergey Qavrilovun Gürcüstanın ərazi bütövlüyünə qarşı təcavüzdə iştirakı ilə əsaslandırıblar. Sergey Qavrilov bu iddiaları təkzib edib.
Qalmaqal kütlələri də hərəkətə gətirib. Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının çağırışı ilə Tbilisinin mərkəzinə toplaşan müxaliflər Azərbaycanda rəsmi səfərdə olan parlament sədri İrakli Kobaxidzenin və başqa yüksək rəsmilərin istefasını tələb ediblər. Onlar dövlət rəsmilərini düşmənə loyallıqda günahlandırıblar.
Axşam müxaliflərin bir qrupu parlament binasına daxil olmağa çalışıb. Polis bunun qarşısını almaq üçün güc tətbiq edib. Toqquşmalarda 80-i polis olmaqla 240 nəfərin xəsarət aldığı bildirilir.
Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.