Vilayət Eyvazov Azərbaycanın 28-ci daxili işlər naziridir. O, 2019-cu il iyunun 20-də nazir təyin edilib.
Daxili işlər orqanı 101 il əvvəl yaradılıb.
Novator.az bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə 6 şəxs nazir olub: Fətəli xan Xoyski, Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski, Mustafa bəy Vəkilov.
1920-1991-ci illəri əhatə edən sovet dövründə 15 nəfər nazir postunda çalışıb (ayrı-ayrı vaxtlarda daxili işlər və təhlükəsizlik orqanları bir strukturda birləşdirilib): Həmid Sultanov, Mircəfər Bağırov, Novruz Rizayev, Stepan Yemelyanov, Mirteymur Yaqubov, Ağasəlim Atakişiyev, Anatoli Quskov, İvan Buliqa, Əli Kərimov, Xəlil Məmmədov, Məmməd Əlizadə, Arif Heydərov, Cəfər Vəliyev, Aydın Məmmədov, Məhəmməd Əsədov.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən 1994-cü ilə qədər 5 nəfər daxili işlər naziri təyin edilib: Tofiq Kərimov, Tahir Əliyev, İsgəndər Həmidov, Abdulla Allahverdiyev, Vaqif Novruzov.
1994-cü il aprelin 29-dan 2019-cu il iyunun 20-dək nazir postunu Ramil Usubov tutub. İyunun 20-də o, Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçirilib.
Vilayət Eyvazov 1968-ci ildə Culfanın Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Polis Akademiyasını bitirib. 1994-cü ildə daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlayıb, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət edib, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləyib. 2005-ci ildən daxili işlər nazirinin müavini, 2016-cı ildən birinci müavini olub. Polis general-leytenantıdır.
Ailəlidir. Üç övladı var.