Prezident İlham Əliyevin 18 iyun sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır. Artım 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək.
Vergiler.az müəllimlərin maaşında artımın necə tətbiq olunacağına dair arayış yayıb. Arayışa görə, artım üçün müəllimin həftədə 18 saat dərs yükü olmalıdır.
Pedaqoji stajı 3 ilə qədər olan müəllimin maaşı 18 iyun sərəncamı əsasında 462 manata qalxır (indi 385 manatdır).
3 ildən 8 ilə qədər pedaqoji stajı olan müəllim sentyabrın 1-dən 496 manat maaş alacaq (413 manatdır).
Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda maaş 522 manata yüksəlir (435 manatdır).
13 ildən 18 ilə qədər pedaqoji staj olanda maaş 555 manata qalxır (462 manatdır).
Pedaqoji staj 18 ildən çox olduqda müəllimə 594 manat maaş veriləcək (495 manatdır).
Elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülənlər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllimlər üçün metodiki vəsaitlərin müəlliflərinin maaşına 45 manat əlavə olunacaq.
Fəlsəfə doktorlarının əməkhaqqına 60, elmlər doktorlarının əməkhaqqına 100 manat əlavə olunur. “Əməkdar” fəxri adında 100 manat, “xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur.