İyunun 18-də “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində tədbir təşkil edib.
Tədbir “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində baş tutub. Layihəni Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası maliyyələşdirir.
Tədbiri giriş sözü ilə açan 4 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin qadın məhbusları maarifləndirmək məqsədilə həyata keçirdiyi işin əhəmiyyətini vurğulayb.
Daha sonra çıxış edən təşkilatın sədri, layihə rəhbəri Ziba Nəbiyeva öncə tədbirin keçirilməsi üçün yaradılan şəraitə və imkanlara görə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbərliyinə minnətdarlığını bildirib. Layihədən danışarkən Ziba Nəbiyeva qeyd edib ki, insanların uzun müddət sıx ünsiyyətdə olduğu məkanda bu və ya digər yoluxucu xəstəliklərə yoluxma ehtimalı çoxalır: “Bu baxımdan sağlam davranış qaydalarının formalaşmasına və təbliğinə daha çox ehtiyac duyulur. Bəzi təhlükəli xəstəliklər var ki, onlar haqqında kifayət qədər məlumatlı olmaq vacibdır. Məsələn, viruslu hepatitlər, əsasən də Hepatit B, D və C təhlükəli yoluxucu xəstəliklər sayılır. Ölkəmizdə 2011-ci ildən B və C hepatitləri rəsmən təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilib.
Rəsmi statistikaya görə, bu viruslara yoluxmuş insanlar dünya əhalisinin 10%-nə yaxın hissəsini təşkil edir. Bu xəstəliyin dünya birliyi qarşısında qoyduğu tibbi-sosial problemlərin ciddiliyini nəzərə alaraq artıq 2016-cı ildə Ümumdünya Səhiyyə Assambleyasının 69-cu sessiyasında “Viruslu hepatitlər üzrə qlobal strategiya” adlı fəaliyyət planı qəbul edilib. Məqsəd bu xəstəliklə mübarizədə qüvvələri səfərbər edərək yeni yoluxmaların sayını və ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Bu hədəflərə nail olmaq üçün qlobal strategiya proqramında vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyəti də çox yüksək qiymətləndirilir. Bu baxımdan təşkilatımız dövlətimizin yoluxucu xəstəliklərlə mübarizədə sosial yönümlü siyasətinə dəstək olaraq viruslu hepatitlərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi məqsədilə layihə icra edir”.
Layihə çərçivəsində “Viruslu hepatitlər haqqında” elektron təqdimat hazırlanıb. Ziba Nəbiyeva təqdimat vasitəsilə məhbus qadınlara hepatit nədir, viruslu hepatitlərin növləri və onların kəşf olunma tarixçələri, xəstəliyin əlamətləri, kliniki gedişatı, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər barədə geniş məlumatlar və tövsiyələr verib. Məlumatların yaddaqalan olması üçün maarifləndirici materiallar müxtəlif şəkillər və animasiya çarxları vasitəsilə də təqdim olunub.
İnteraktiv şəkildə aparılan tədbirdə həkim, terapevt-hepatoloq Nuranə İsabalayeva və həkim funksionalist, vərəm üzrə layihə koordinatoru Samirə Muxtarova məhbus qadınların çoxsaylı suallarını cavablandırıblar. Onlar həmçinin viruslu hepatitlərlə yanaşı gedən xəstəliklər və koinfeksiyalar haqqında məlumat veriblər.
Məhbuslar arasında maarifləndirmənin davamlığını təmin etmək və əhatə dairəsini genişləndirmək məqsədilə layihə çərçivəsində xüsusi dizaynla hazırlanmış, viruslu hepatitlərin yoluxma yolları əks olunan divar lövhəsi və 300 ədəd çap materialları (flayerlər) Penitensiar Xidmətin nümayəndəsinə təqdim olunub.
Tədbirdə 4 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi sanitar hissəsinin rəisi, tibb xidməti mayoru Nərgiz Abdullayeva, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin inspektoru, tibb xidməti mayoru Fərman Fərmanov, tibbi sanitar hissəsinin həkimi, tibb xidməti kapitanı Aliyə Fərmanova, cəzaçəkmə müəssisəsinin dəstə rəisi, ədliyyə kapitanı Lamiyə Əliyeva və 150 məhbus qadın iştirak edib.