Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 18-də mətbuat nümayəndələri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, nazir qeyd edib ki, 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar həyata keçirilir: “Ordumuz bütün əsas istiqamətlərdə inkişaf edir. İslahatların əsas istiqamətləri ordunun yeni müasir silah, texnika, avadanlıqla təmin etmək, infrastrukturu yeniləmək, döyüş qabiliyyətini artırmaq, sosial bazanı gücləndirməkdir.
2018-ci ildə Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçirilən paradda nümayiş olunan silah və texnikanın 90 faizi yeni və müasir idi. Təbii ki, paradda bütün silahlar nümayiş olunmadı.
İslahatlar nəticəsində bizim hərbi şəhərciklər müasir səviyyədə qurulub. Bu gün Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub, tikilib. 2018-ci ildə beş yeni böyük, müasir hərbi şəhərcik istifadəyə verilib. Bu il isə 9 hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Yaxın günlərdə 3 böyük hərbi şəhərciyin açılışı olacaq.
Döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik.
Bir neçə il əvvəl Azərbaycan Ordusu işğal altındakı ərazilərimizdə yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbə vurdu. 2016-cı ildə Azərbaycan Ordusunun kiçik bir hissəsi 3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər.
2019-cu ildə əsas istiqamətlərdən biri ordunun idarə olunmasının təkmilləşdirilməsidir. Burada əsas vəzifə bütün hissə və birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasıdır. İndi bütün dünyada bu məsələyə çox ciddi fikir verilir. Ən müasir texnika bu işlərə cəlb edilir, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq hərbi hissələrimizi onlayn qaydada idarə edirik. Tabora qədər onlayn idarəetmə tətbiqinə nail olmuşuq. Kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi də daim diqqətdə saxlanır”.
Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu vurğulayan nazir deyib: “Bu gün orduda döyüş qabiliyyətini müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər. Tankların, zirehli döyüş maşınlarının, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə əsasında xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı vəzifələrində xidmət edirlər”.
Novator.az bildirir ki, Zakir Həsənov 1959-cu ildə Astara rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbi və Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib.
1980-ci ildən Sovet Ordusunun Almaniyadakı qrupunda, 1985-ci ildən Sibir Hərbi Dairəsində xidmət edib.
1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının akademik idarəetmə kurslarında təhsil alıb.
1993-2003-cü illərdə Azərbaycanın Sərhəd Qoşunlarında xidmət keçib, 2003-2013-cü illərdə Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı olub.
22 oktyabr 2013-cü ildən müdafiə naziridir.
Qarabağ müharibəsinin iştirakçısıdır.