Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı 18 iyun sərəncamını şərh edib. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 180 manatdan 250 manata çatdırılır.
Nazirlik qeyd edir ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək: “Həmin insanların 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.
Minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.
Dövlət başçısının bu il fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı martın 1-dən 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi”.
Novator.az bildirir ki, minimum əməkhaqqı 2007-ci il fevralın 1-dən 50 manat; 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat; 2010-cu il sentyabrın 1-dən 85 manat; 2011-ci il dekabrın 1-dən 93,5 manat; 2013-cü il sentyabrın 1-dən 105 manat; 2017-ci il yanvarın 1-dən 116 manat, 2018-ci il yanvarın 1-dən 130 manat olub.
Bu il martın 1-dən 180 manat həddi qüvvədədir.