Tarix elmləri doktoru, professor Cəmil Həsənli bu həftə “Facebook” səhifəsində yazıb: “Məndə sovet nostaljisi yoxdur. Amma Azərbaycanın 1960-cı illər tarixini, mədəniyyətini və sosial həyatını araşdıranda maraqlı faktlarla qarşılaşdım. Bunlardan biri də hər 10 min nəfərə düşən uşaq doğumunun səviyyəsinə görə Azərbaycanın Sovet İttifaqında birinci yerə çıxması idi.
Bunun sosial səbəblərini aydınlaşdırmağa çalışdım. Məlum oldu ki, anaya əməkhaqqı ödənilən dörd aya yaxın analıq məzuniyyəti (uşaq dünyaya gəlməzdən öncə 56 gün, uşaq doğulandan sonra daha 56 gün) verirlərmiş.
O zaman uşaq doğulan gündən 18 yaşına çatana qədər ona 20 manat həcmində uşaq pulu ödənirdi. Təsəvvür edin, kənd yerlərində ailə üç uşağa görə hər ay 60 manat (minimum əməkhaqqı həcmində), beş uşağa görə 100 manat (120 manat ölkədə yüksək əməkhaqqı hesab edilirdi) uşaq pulu alırdı.
Yeri gəlmişkən, ötən əsrin 60-cı illərində beş və beşdən artıq uşağı olan ailələr Azərbaycanda bütün ailələrin 45 faizini təşkil edirdi və kənd yerlərində ailələrin xeyli hissəsi bu uşaq pulu ilə dolanırdı.
Həmin illərdə Azərbaycanda 1-7 yaş arasında bir milyon uşaq var idi, bu da bütün əhalinin 25 faizini təşkil edirdi.
Son 15 ildə ölkəyə 200 milyarda yaxın neft pulu daxil olub. Amma hakim rejim yoxsulluğun səviyyəsinin guya 5 faizə endirilməsi kimi saxta, heç bir sosial-iqtisadi əsaslandırması olmayan statistik məlumatı əldə bayraq edərək Azərbaycan ailələrini uşaq puluna həsrət qoyub.
Dünya bir tərəfə qalsın, Azərbaycan postsovet məkanında ailələrə uşaq pulu ödəməyən yeganə ölkədir”.
Novator.az bildirir ki, hazırda Azərbaycanda uşağın anadan olmasına görə 200 manat birdəfəlik müavinət verilir. Sovet dövründən mövcud olan, 18 yaşa qədər uşaqlara hər ay uşaq pulunun verilməsi praktikası Azərbaycanda ünvanlı sosial yardımın tətbiqinə başlandıqdan sonra (2006-cı ildən) dayandırılıb.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
2019-cu ilin aprelində Azərbaycan əhalisinin sayı 10 milyon nəfərə çatıb. Bu, keçmiş SSRİ məkanında beşinci göstəricidir. Əhalisi Azərbaycanın əhalisindən çox olan ölkələr bunlardır: Rusiya – 146,8 milyon nəfər, Ukrayna – 42,1 milyon nəfər, Özbəkistan – 33,3 milyon nəfər, Qazaxıstan – 18,7 milyon nəfər.
Belarusun 9,5 milyon nəfər, Tacikistanın 9,2 milyon nəfər əhalisi var.
Digər ölkələrin göstəriciləri belədir: Qırğızıstan – 6,3 milyon nəfər; Türkmənistan – 5,6 milyon nəfər; Moldova – 4 milyon nəfər; Gürcüstan – 3,7 milyon nəfər; Ermənistan – 3 milyon nəfər; Litva – 2,8 milyon nəfər; Latviya – 1,9 milyon nəfər; Estoniya – 1,3 milyon nəfər.
Azərbaycan Dövlət Statistika Komitəsinin 2019-cu ilin birinci rübünə aid hesabatına görə, ölkədə əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır. Yanvar-mart aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 32402 doğulan körpə qeydə alıb. Onların 53,5 faizi oğlan, 46,5 faizi qız uşaqlarıdır. Birinci rübdə ölkədə 14811 ölüm halı, 13191 nikah, 3972 boşanma rəsmiləşib.
2018-ci ilin ilk üçü ayı ilə müqayisədə doğulanların sayı 552 nəfər, ölənlərin sayı 592 nəfər azalıb. Nikahların sayında 295, boşanmaların sayında 416 artım var.