Misirin sabiq prezidenti Məhəmməd Mursi iyunun 18-i paytaxt Qahirədə dəfn edilib. Mərasim mərhumun ailə üzvlərinin iştirakı ilə keçirilib.
2013-cü ildə devrilmiş Məhəmməd Mursi iyunun 17-si Qahirədə, məhkəmə iclasında ürək çatışmazlığından vəfat edib.
Novator.az bildirir ki, Məhəmməd Mursi 1951-ci ildə anadan olub. Qahirə Universitetində mühəndis ixtisası üzrə bakalavr və magistr dərəcələri alıb, ABŞ-ın Cənubi Kaliforniya Universitetində doktorluq dissertasiyası müdafiə edib. ABŞ-da və Misirdə ali məktəb müəllimi olub.
1992-ci ildə “Müsəlman qardaşlar” hərəkatına qoşulan Məhəmməd Mursi 2000-ci ildə parlamentin deputatı seçilib. 2006-cı ildə Hüsnü Mübarək (1981-2011-ci illərdə Misir prezidenti) rejiminə qarşı aksiyalara görə 7 ay həbsdə yatıb. 2011-ci ilin aprelində “Müsəlman qardaşlar” hərəkatına daxil olan Azadlıq və Ədalət Partiyasına rəhbər, 2012-ci il iyunun 17-də Misir prezidenti seçilib.
2013-cü il iyulun 3-də ordunun devirərək həbsə aldığı Məhəmməd Mursi ağır cinayətlərdə ittiham olunub.
Hazırda Misirdə prezident postunu Məhəmməd Mursini devirərkən müdafiə naziri və ordu komandanı olmuş Əbdülfəttah əl-Sisi tutur. 1954-cü il təvəllüdlü Əbdülfəttah əl-Sisi 2014-cü ilin mayında dövlət başçısı seçilib və 2018-ci ilin martında keçirilən seçkidə postunu əlində saxlayıb. Bu ilin aprelində keçirilmiş konstitusiyaya dəyişikliklər referendumunda prezidentlik müddəti 4 ildən 6 ilə artırılıb. Səlahiyyət müddəti 2024-cü ilə qədər uzadılan Əbdülfəttah əl-Sisinin daha bir dəfə seçilmək hüququ var.