ABŞ-ın paytaxtı Vaşinqtonda fəaliyyət göstərən Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri, ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstar müzakirə aparıblar.
Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələrinin, ictimai-siyasi xadimlərin və regionla bağlı araşdırma aparan analitiklərin iştirak etdiyi tədbirdə danışan Hikmət Hacıyev Azərbaycanın xarici siyasətinin əsasları, ölkənin strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi enerji və nəqliyyat layihələrindən söz açıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə toxunan Prezident Administrasiyasının rəsmisi Nikol Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ probleminin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə, vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib.
Hikmət Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. O, Ermənistanın yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin ilk növbədə Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporunun bunu anlamadığını bildirib.
Hikmət Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini vurğulayıb və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
1979-cu il təvəllüdlü Hikmət Hacıyev 2000-ci ildən Xarici İşlər Nazirliyi sistemində xidmət edib, Azərbaycanın NATO-dakı nümayəndəliyində, Küveytdəki səfirliyində çalışıb. 2008-ci ildən Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri Departamentinin ikinci katibi vəzifəsini, 2011-ci ildən Azərbaycanın Misirdəki səfirliyində müşavir vəzifəsini tutub. 2013-cü ilin sentyabrından Xarici İşlər Nazirliyinin şöbə müdiri, 2014-cü ildən mətbuat xidmətinin rəhbəri olub.
2018-ci ildən Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiridir.