Prezident İlham Əliyev iyunun 11-də fərman imzalayaraq elmi dərəcələr verilməsi qaydası və elmi adlar verilməsi qaydası haqqında əsasnamələri təsdiqləyib. Nazirlər Kabinetinə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri barədə diplomların, dosent və professor elmi adları barədə attestatların formasını üç ay müddətində təsdiq etmək tapşırılıb.
Novator.az bildirir ki, elmi dərəcələr verilməsi qaydası haqqında əsasnaməyə görə, dərəcələri Ali Attestasiya Komissiyası verir. Fəlsəfə doktoru elmi dərəcəsini magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılar elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrindəki dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında ala bilər.
Elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrindəki dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında təqdim olunur.
Əvvəllər verilmiş elmlər namizədi elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsinə bərabər tutulur.
Dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçının dissertasiya müdafiəsinə buraxılması üçün mütləq şərtdir. İmtahanlar bu fənlər üzrə verilir: iddia olunan ixtisas fənni (dissertasiya iki ixtisas üzrə hazırlandığı halda həmin ixtisas fənlərinin hər birindən); xarici dil (ingilis, alman və ya fransız dillərindən biri); Azərbaycan dili (əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün).
Müdafiə proseduru pozulduqda; elmi plagiat aşkar edildikdə; elmi etika pozulduqda Ali Attestasiya Komissiyası elmi dərəcədən məhrumetmə ilə bağlı qərar verir.
Elmi adlar verilməsi qaydası haqqında əsasnamədə göstərilir ki, adlar mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının vəsatətləri əsasında Ali Attestasiya Komissiyasından alınır.
Dosent və professor elmi adlarını elmi dərəcəsi olan iddiaçılar, habelə Azərbaycan Respublikasında elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində mədəniyyət, incəsənət, memarlıq, hərbi, bədən tərbiyəsi və idman sahələrində uzun müddət qüsursuz çalışan və əhəmiyyətli nailiyyətlər əldə etmiş, lakin elmi dərəcəsi olmayan iddiaçılar ala bilər.
Professor elmi adı yalnız dosent elmi adı olan şəxslərə verilir.
Əvvəllər verilmiş baş elmi işçi elmi adı dosent elmi adına bərabər tutulur.
İyunun 11-də dövlət başçısı həmçinin Ali Attestasiya Komissiyasının fəaliyyətində yeniliklərə fərman verib. Ali Attestasiya Komissiyası Aparatının işçilərinin say həddi 75 ştat vahidi müəyyən edilib. Əsasnaməsindəki redaktələrə görə, Ali Attestasiya Komissiyasının elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək; fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şuraları yaratmaq, həmin şuralarda müdafiə hüququ verilən ixtisasların siyahısını müəyyənləşdirmək; elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin təklifləri əsasında elmi dərəcələr verilən ixtisasların pasportlarını hazırlamaq; elm sahələri üzrə ekspert şuraları yaratmaq; dissertasiya şuralarının və ekspert şuralarının fəaliyyətinə nəzarət etmək; xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını nostrifikasiya və ya şəxslərin təkrar attestasiyası əsasında həyata keçirmək kimi vəzifələri var.