Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə proses yenə təxirə salınıb. Xəbəri Bastainfo.com yayıb.
Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov vəkil Osman Kazımovun vəsatəti əsasında şahid qismində dəvət edilsə də, iyunun 3-də keçirilən prosesə gəlməmiş, iclas iyunun 10-na qalmışdı.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
2003-cü ildən Müsavat Partiyasının üzvü olan Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin oktyabrında o, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gələrkən Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
İyunun 10-da cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri, Müsavatın sabiq başqanı İsa Qəmbər, partiya başqanının müavini Gülağa Aslanlı, Müsavat fəalları, Azad Həsənovun yaxınları və jurnalistlər də qatılıblar.
Hakim İradə Həsənova elan edib ki, Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov şahid ifadəsi verməyə gəlməyib.
Vəkil Osman Kazımov bunu “polisin özünü məhkəmədən yüksək sayması” kimi qiymətləndirib.
Sonra o, 2018-ci il oktyabrın 11-də Azad Həsənovu naməlum şəxslərin aparması ilə bağlı ailə üzvlərinin Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciətinin səs yazısını məhkəməyə təqdim edib və bunun sübutlar siyahısına salınmasını istəyib.
Müstəntiq ifadə verməyə gəlmədiyi üçün proses yenidən təxirə salınıb. Məhkəmə zalında buna etiraz bildirilib. İsa Qəmbər hakim İradə Həsənovaya üz tutaraq Azad Həsənovun aylardır günahsız həbsdə saxlandığını deyib və onun tezliklə bəraət hökmü ilə sərbəst buraxılmasını tələb edib.
Proses iyunun 24-də davam etdiriləcək.