Portuqaliyada UEFA Millətlər Liqasının final raundu start götürüb. Novator.az-ın məlumatına görə, iyunun 5-i və 6-da keçirilmiş yarımfinal oyunlarında Portuqaliya İsveçrəni, Hollandiya isə İngiltərəni 3:1 hesabı ilə yenərək finala yüksəliblər. Final iyunun 9-na təyin olunub.
Yığma komandaların yeni turniri olan Millətlər Liqasının qrup mərhələsi ötən ilin sentyabr-noyabr aylarında keçirilib.
A divizionu qruplarının qalibləri Hollandiya, İsveçrə, Portuqaliya və İngiltərə final raunduna vəsiqə qazanıblar.
B divizionundan Ukrayna, İsveç, Bosniya və Danimarka A divizionuna, C divizionundan Şotlandiya, Finlandiya, Norveç və Serbiya B divizionuna yüksəliblər.
D divizionunun 3-cü qrupunda yarışan Azərbaycan Kosovo ilə 0:0 və 0:4, Malta ilə iki dəfə 1:1, Farer adaları ilə 2:0 və 3:0 nəticələrinə imza atıb, turniri 9 xalla ikinci sırada bitirib.
Kosovo, eləcə də D divizionunun digər qalibləri Gürcüstan, Belarus və Makedoniya C divizionuna adlayıblar.
Millətlər Liqası 2020-ci ilin Avropa futbol çempionatının final mərhələsinə hər diviziondan bir vəsiqə verir. Bunun üçün 2020-ci ilin martında qrup qalibləri arasında əlavə matçlar keçiriləcək. Qrup qalibi Avropa çempionatına həmin turnirin özünün seçmə mərhələsindən düşərsə, onu Millətlər Liqasının növbəti ən yaxşı komandası əvəzləyəcək.