Səhiyyə Nazirliyi jurnalist Teymur Kərimovu məhkəməyə verib. Nazirlik jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.
Cinayət Məcəlləsinin 147-ci maddəsi böhtan adlanır. Uzun müddətdir Azərbaycanın bəzi hüquq müdafiəçiləri, jurnalistləri və bəzi beynəlxalq qurumlar bu maddənin, həmçinin 148-ci (təhqir) maddənin Cinayət Məcəlləsindən çıxarılmasını, böhtan və təhqirə görə cəzaların cinayət qanunvericiliyi ilə deyil, mülki qanunvericiliklə verilməsini tələb edirlər.
Novator.az bildirir ki, tələb yerinə yetirilməsə də, 10 ilə yaxın 147-ci və 148-ci maddələrlə həbslər həyata keçirilməmişdi.
2007-ci ilin mayında “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə böhtan və təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar həmin ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxdılar.
Sonra 10 ilə yaxın müddətdə 147-ci və 148-ci maddələrlə heç bir jurnalist həbs olunmadı. Çünki faktiki olaraq ölkədə bu maddələrin tətbiqinə moratorium qoyulmuşdu.
2009-cu ildə prezident İlham Əliyev jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlamışdı. Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium da demək olar o vaxtdan qüvvədə idi: jurnalistlərə qarşı qaldırılan cinayət işləri ya icraata götürülmür, ya da onlara mülki qanunvericilik əsasında baxılırdı.
Lakin 2016-cı ilin sonlarından tendensiya dəyişməyə başladı. Həmin ilin noyabrında Sumqayıt Şəhər Məhkəməsi jurnalistlər İkram Rafiqoğlu və Rahim Novruzovu böhtan və təhqirdə təqsirli bilərək 1 il müddətinə həbs etdi. 2017-ci il martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsi onların cəzasını islah işləri ilə əvəzlədi və jurnalistlər azadlığa çıxdılar. Ancaq iki gün sonra – martın 3-də bloqçu Mehman Hüseynov həbs olundu. Suraxanı Rayon Məhkəməsi Mehman Hüseynovu Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum etdi. Mehman Hüseynov bu cəzasını günə-gün çəkdi. O, 2019-cu il martın 2-də azadlığa çıxdı.
Üç ay ötüb. İndi jurnalist Teymur Kərimovun 147.2-ci maddə ilə cinayət məsuliyyətinə cəlb olunması tələb olunur. Teymur Kərimov deyir ki, o, onkoloji xəstə olan anasının müalicəsi üçün rüşvət verməli olub. Səhiyyə Nazirliyi isə bunu böhtan sayır və bildirir ki, Teymur Kərimovun anası dövlət hesabına müalicə olunur.
İyunun 7-də Nəsimi Rayon Məhkəməsində nazirliyin iddiası üzrə hazırlıq icası başlanıb. İclasda jurnalistin vəkilləri bildiriblər ki, Səhiyyə Nazirliyi hüquqi şəxs kimi fiziki şəxsi xüsusi ittiham qaydasında məhkəməyə verə bilməz. Vəkillərin bununla bağlı qaldırdığı vəsatətə baxmaq üçün məhkəmə hazırlıq iclasını iyunun 10-dək təxirə salıb.
Novator.az Cinayət Məcəlləsindən çıxarışı oxucuların diqqətinə çatdırmazdan öncə onu da qeyd edir ki, 2013-cü ildə Azərbaycan hökuməti “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsini ictimaiyyətə təqdim edib, amma bu sənəd indiyədək parlamentdə müzakirəyə çıxarılmayıb. Belə bir qanunun qəbulu böhtana və təhqirə görə cinayət məsuliyyətinin ləğvi anlamına gəlir.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 148. Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.