Ramiz Mehdiyev Qarabağdan nə yazır?
- 04 İyun 2019
- comments
- Novator.az
- Posted in ManşetŞərh
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivlərinə həsr olunmuş məqaləsi yayılıb.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Novator.az-ın məlumatına görə, məqalədə beynəlxalq vasitəçilərin irəli sürdüyü Madrid prinsiplərinə toxunan Ramiz Mehdiyev yazır ki, həmin prinsiplərdə 2009-2012-ci illərdə təklif edilmiş altı element də nəzərdə tutulur: 1) Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılması; 2) Dağlıq Qarabağa onun təhlükəsizliyinə zəmanəti və özünüidarəni təmin edən aralıq status verilməsi; 3) Ermənistanı Dağlıq Qarabağ ilə əlaqələndirən dəhlizin təmin edilməsi; 4) Zəruri hüquqi qüvvəyə malik olan iradəsini bildirmək yolu ilə Dağlıq Qarabağın gələcək qəti hüquqi statusunun müəyyən edilməsi; 5) Bütün daxili köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qaytarılması; 6) Təhlükəsizliyə beynəlxalq zəmanətlər və sülhyaratma əməliyyatlarının aparılması: “Madrid prinsipləri mahiyyət etibarilə münaqişənin nizamlanmasına doğru mərhələli hərəkət – bir növ yol xəritəsidir. Bu prinsiplər razılaşdırılandan sonra tərəflər sülh müqaviləsi üzərində işə başlaya bilərlər. Madrid prinsipləri çərçivəsində Azərbaycan tərəfinin konstruktiv yanaşması birinci mərhələdə münaqişənin nəticələrinin aradan qaldırılması, yəni Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların tədricən azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması deməkdir.
Təbii ki, işğal olunmuş ərazilərin azad edilməsi ilə eyni vaxtda Dağlıq Qarabağın erməni icması üçün və işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar üçün təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməlidir. Azərbaycan Naxçıvana kommunikasiyaların açılması ilə birlikdə Dağlıq Qarabağın Ermənistanla yerüstü əlaqəsinin təmin edilməsi problemini də konstruktiv və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırdır. Üstəlik, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsinə başlanması sərhədlərin açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistanın regional infrastruktur layihələrinə cəlb edilməsi ilə bağlı digər proseslər üçün də katalizator ola bilər.
Rəsmi Bakının yanaşmasında yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və yalnız bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.
Bu baxımdan son dərəcə vacib hesab edirik ki, həmsədrlər müvafiq təhlükəsizlik tədbirləri görülməsi müqabilində Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasının zəruriliyini rəsmən etiraf etsinlər. Yeri gəlmişkən, bu məsələ ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarında öz əksini tapıb. Bu aşkar faktı ABŞ, Rusiya və Fransanın birgə tanıması Ermənistanın qeyri-konstruktiv manevrlər məkanını xeyli məhdudlaşdırar və heç şübhəsiz, danışıqlar prosesinin intensivləşməsinə şərait yaradardı.
Bununla əlaqədar qanuni bir sual yaranır: beynəlxalq vasitəçilər nəyə görə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun sərhədlərinin toxunulmazlığını dəstəkləyir, amma digər tərəfdən Ermənistan barəsində heç bir təsirli tədbir görmür, yalnız bunu bəyan edirlər ki, Azərbaycan və Ermənistan müstəqil surətdə qarşılıqlı məqbul kompromislərə nail olacağı halda beynəlxalq vasitəçilər münaqişənin dinc yolla nizamlanmasının qarantları olmağa hazırdırlar. Bəzi ekspertlər bu suala cavab verməyə çalışaraq ATƏT-də (bu gün həmin münaqişənin nizamlanması üçün mandata malik olan yeganə beynəlxalq təşkilatda) qərarlar qəbul edilməsinin konsensus xarakterinə istinad edirlər, bu isə münaqişənin nizamlanmasına qarşıdurma vəziyyətində olan tərəflərə vasitəçilərin “qəbul etdirməyə” cəhd göstərə biləcəyi vahid yanaşma hazırlanmasını faktiki olaraq qeyri-mümkün edir.
Lakin qeyd etmək lazımdır ki, ATƏT-in çətinlikləri qərarlar qəbul edilməsinin konsensus xarakterindən daha çox Helsinki Yekun Aktının və ATƏT-in digər əsas sənədlərinin müddəalarının şərhi məsələlərində aparıcı aktorların qarşılıqlı anlaşmaya nail ola bilməməsi ilə bağlıdır. Məsələn, Müdriklər Qrupunun Ukrayna böhranı haqqında aralıq məruzəsində qeyd edilir ki, ATƏT-in üzvü olan ölkələrin orada baş verən hadisələr haqqında ziddiyyətli təsəvvürləri təhlükəsizliyin bölünməzliyi ideyasını sarsıdır, təhlükəsizlik və əməkdaşlıq məsələlərində konsensusun olmaması ATƏT-i bir təşkilat kimi zəiflədir. Təəssüflə qeyd etməliyik ki, Avropa dövlətləri ərazi bütövlüyünün prioritetinə birmənalı şəkildə riayət olunmasının zəruriliyini qəbul etmək üçün Ukrayna hadisələrini gözləməli olub. Digər tərəfdən məhz Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın mövqeyi “Kosovodan sonrakı dünya”nın yaranmasına imkan verib, burada “ikili standartlar” faktiki olaraq istisna deyil, beynəlxalq münasibətlərin əsas qaydasına çevrilib”.
Ramiz Mehdiyev 1938-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib.
Azərbaycan Dövlət Universitetinin müəllimi olub, fəlsəfə elmləri doktoru, akademikdir.
1957-1962-ci illərdə “Xəzərdənizneft” İdarəsində çalışıb.
1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.
1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.
1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.
1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən Prezident Administrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviridir.