İqtisadçı Qubad İbadoğlu Dövlət Neft Fondunun xaricdə daşınmaz əmlaka qoyduğu sərmayədən külli miqdarda zərərə düşdüyünü bildirir.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu iyunun 4-də “Facebook” şəbəkəsində yazır: “Dövlət Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır. Əslində bu sahədə siyasət düzgün qurularsa və şəffaf olarsa buna nail olmaq mümkündür.
Amma dünyanın bir sıra şirkətləri əmlakdan böyük qazanc əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb.
Ən böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb. Bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb.
Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci ilin sonuna Neft Fondunun daşınmaz əmlak portfeli 2 milyard 142 milyon 392 min 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka birbaşa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində daha yüksək (47,4%) olmasına baxmayaraq gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub.
Göründüyü kimi, neft gəlirlərinin uğursuz idarəçiliyinin bir göstəricisi də əmlak bazarındakı sərmayələrin zərərə gətirməsidir. Əslində əmlak bazarına investisiyalardan itki çox nadir hallarda qeydə alınır, təbii ki, Dövlət Neft Fondunun bu bazardakı əməliyyatlarından qazananlar da var, amma onun nə fonda, nə də xalqa dəxli var, qazananlar, xüsusilə də törəmə müəssisələrin sahibləri barədə məlumatlar hələ də ictimaiyyətdən gizli saxlanır”.
Qubad İbadoğlunun yazdığına görə, Azərbaycanın Neft Fondu Moskvadakı əmlak biznesindən 86 milyon dollar itirib: “Moskva şəhərində (Tverskaya, 16) yerləşən və dəyəri 3 milyard 269 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinin 1 illik icarəsindən ötən il ərzində cəmisi 66 min 628 dollar qazanc əldə edilib. Hətta az olmasına baxmayaraq (ayda 5500 dollar) ondan da Azərbaycanın Dövlət Neft Fonduna heç nə çatmayıb, bütün qazanc xərcə silinib.
Dövlət Neft Fondu “Qalereya Aktyor” ofis-ticarət mərkəzini 2012-ci ildə 133 milyon ABŞ dollarına alıb. 2018-ci ilin sonuna olan məlumata görə, bu mərkəzin bazar dəyəri 86 milyon dollaradək azalaraq 47,1 milyon təşkil edib.
“Qalereya Aktyor” Moskva şəhərinin tarixi mərkəzində yerləşir. Tverskaya küçəsi məşhur mehmanxana və ofislərin, eləcə də bir çox beynəlxalq ticarət brendinin cəmləşdiyi ərazidir. Bina Tverskaya küçəsi ilə Strastnoy bulvarın kəsişməsində, Kremlin, Qızıl meydanın yaxınlığındadır. Teatr binası kimi 1881-ci ildə istifadəyə verilmiş bu bina tarixi fasadı saxlanmaq şərti ilə 1995-ci ildə yenidən təmir olunub. Binanın ümumi sahəsi 18 min 75 kvadratmetrdir. Neft Fondu bu binanı alanda iddia edirdi ki, əmlak illik icarə haqqı 9,6 milyon ABŞ dollarına müxtəlif maliyyə, sığorta və konsaltinq xidməti göstərən şirkətlərə, həmçinin lüks və orta səviyyəli ticarət şirkətlərinə icarəyə verilir.
Amma ötən il Neft Fondu bu bunanın icarəsindən 66 min dollar, ayda 5 min 500 dollar qazanıb, onu da təmir xərcləri adı siliblər və hətta bu məbləğ də Neft Fonduna çatmayıb”.
Neft Fondunun Londondakı əmlakdan 57,35 milyon funt sterlinq itirdiyini bildirən Qubad İbadoğlu qeyd edir ki, fond həmin əmlakın icarəsindən əldə edilən qazancın yalnız 5,83 faizini büdcəyə köçürüb: “Azərbaycan Dövlət Neft Fondu Londonun Vest End səmtində, Seynt Ceyms, 78 ünvanında yerləşən, dəyəri 177 milyon 350 min funt sterlinq təşkil edən ofis kompleksini 2012-ci ilin dekabrında alıb. Hazırda bu əmlakın bazar dəyəri 120 milyon funt sterlinq təşkil edir. Bu o deməkdir ki, fondun aktivi 57,35 milyon funt sterlinq və ya dolların hazıkı məzənnəsi ilə 121 milyon dollar azalıb, yəni fondun sahib olduğu əmlak dəyərinin üçdə birinə qədərini itirib.
Narahatlıq yaradan başqa səbəb odur ki, ötən il Neft Fondunun Londondakı ofis kompleksindən əldə etdiyi 34,74 milyon funt sterlinqin yalnız 5,83 faizi və ya 2,02 milyon funt sterlinqi büdcəyə köçürülüb. Büdcəyə bu qədər az məbləğdə vəsaitin köçürülməsini fond kompleksdə təmir işləri ilə əlaqələndirir.
Əmlak müqaviləsi bağlanandan sonra fonddan bildirmişdilər ki, Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir. Burada 1845-ci ildə tikilmiş həmin bina tarixi fasadı saxlanmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunub və “A” tipli ofis binaları sinfinə uyğunlaşdırılıb. Ümumi sahəsi 11 min 18 kvadratmetr təşkil edən bina 2023-cü ilə kimi illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5 faiz olmaqla HSBC Bankına icarəyə verilib. HSBC Bankı hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.
Bəs görəsən, mərkəzdə yerləşən və 11 min kvadratmetr sahəsi olan binadan qazanc niyə bu qədər azdır?”
Qubad İbadoğlu vurğulayır ki, son 2 ildə Neft Fondu VTB şirkətinin səhmlərinə etdiyi yatırıma görə 216 milyon dollaradək zərərə düşüb (məzənnə dəyişikliyindən yaranan fərq nəzərə alınmadan). Zərərin miqdarı 2017-ci ildə 159,2 milyon dollar, 2018-ci ildə 56,8 milyon dollar olub.