2019-cu il mayın 1-nə Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 503,8 milyon manata düşüb. Mərkəzi Bank belə hesabat yayıb.
Novator.az bildirir ki, yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat, fevralın 1-nə 1 milyard 569,4 milyon manat, martın 1-nə 1 milyard 574,7 milyon manat, aprelin 1-nə 1 milyard 558 milyon manat həddində olub.
Mayın 1-nə xarici valyutada 4 milyard 643,4 milyon manat kredit rəsmiləşib. Bunun 747,6 milyon manatı problemli kreditdir.
Prezident İlham Əliyevin 28 fevral fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.
28 fevral fərmanına əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə açıqlamasına görə, mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər olunub: “Kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur. Həmin vətəndaşlar mayın 31-dən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.
13 minədək vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyinin ayırdığı 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları silinib və bu proses davam edir. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minədək borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya olunub və bu proses 2019-cu ilin sonunadək davam edəcək”.