Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərin həllinə dair fərmanın icrası ilə bağlı birgə açıqlama yayıb.
Novator.az bildirir ki, prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutub.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.
28 fevral fərmanına əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənib.
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının 3 iyun hesabatına əsasən, 28 fevral fərmanının icrası başa çatdırılıb: “Mayın 31-nə kompensasiya hesablanmış vətəndaşların 95,5 faizinə ödənişlər olunub, bu da cəmi ayrılmış məbləğin 91,4 faizini təşkil edir.
Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və sair) kompensasiyaların alınması üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur, onların 20,5 minə yaxını lisenziyası ləğv edilmiş bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar mayın 31-dən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.
13 minədək vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir, Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apellyasiya Komissiyası bu müraciətləri növbəlilik prinsipi əsasında cavablandıracaq.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyinin ayırdığı 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib.
126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları silinib və bu proses davam edir. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minədək borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya olunub və bu proses 2019-cu ilin sonunadək davam edəcək”.