İyunun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Azad Həsənovun işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bastainfo.com xəbər verir ki, prosesdə Müsavat Partiyasının bir qrup fəalı, Azad Həsənovun yaxınları və jurnalistlər iştirak ediblər.
Hakim İradə Həsənova elan edib ki, Daxili İşlər Nazirliyinin 102 xidməti 2018-ci il oktyabrın 11-də Azad Həsənovun naməlum şəxslər tərəfindən aparılması ilə bağlı onun ailə üzvlərinin müraciətini məhkəməyə təqdim etməyib: “Onlar deyirlər ki, 102 xidmətinə edilən müraciətlər cəmi 6 ay ərzində saxlanılır. Üzərindən 6 aydan artıq vaxt keçdiyi üçün həmin müraciət saxlanılmayıb”.
Həmçinin Azad Həsənovun həbs edildiyi gün Bakı Şəhər Baş Polis İdarəsinə gəlib-gedənlərin qeydiyyat jurnalı da məhkəməyə təqdim olunmayıb. Bastainfo.com bildirir ki, bu jurnal Azad Həsənovun üzərində axtarış aparılarkən orada olduqlarını iddia edən hal şahidlərinin ifadələrinin doğru olub-olmadığını üzə çıxara bilərdi.
Məhkəmədə daha sonra aydın olub ki, Azad Həsənovun işini aparan müstəntiq Vüsal Məmmədov vəkil Osman Kazımovun vəsatəti əsasında şahid qismində dəvət edilsə də, prosesə gəlməyib. Bu səbəbdən məhkəmə prosesi iyunun 10-dək təxirə salınıb.
Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxsin və ya mütəşəkkil dəstənin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlaması, istehsal etməsi, saxlaması, daşıması, göndərməsi və ya satması) maddəsi ilə ittiham olunur. Bu maddə əmlakın müsadirəsi ilə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
2003-cü ildən Müsavat Partiyasının üzvü olan Azad Həsənov 2014-cü ilin fevralında Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. 2018-ci ilin oktyabrında o, ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gələrkən Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.