Ermənistanın Apellyasiya Məhkəməsi sabiq prezident Robert Köçəryan və başqalarının işi üzrə şikayəti icraata götürüb. Novator.az-ın məlumatına görə, Baş Prokurorluğun təqdim etdiyi şikayətə hakim Armen Danielyanın sədrliyi ilə baxılacaq.
Prokurorluq Robert Köçəryanın azadlığa buraxılması və mühakiməsinin dayandırılması qərarlarından şikayətlər verib, paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarını qanunsuz sayaraq onların ləğvini istəyir.
Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən prezidenti olub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət onun varisi Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.
Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
Mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş general-polkovnik Seyran Ohanyana dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
Mart qırğını zamanı müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittihamı olunur. 2018-ci ilin iyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.
Mart qırğını zamanı Prezident Administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz yolla əldə edilmiş külli miqdarda gəliri leqallaşdırmaqda təqsirləndirilir. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı da mart qırğınında təqsirli bilir. Ermənistan Rusiyada yaşayan generalı axtarışa verib.
Mayın 18-də Avan və Nor Nork məhkəməsi işğalçı Dağlıq Qarabağ rejiminin indiki rəhbəri Bako Saakyan və rejimə 1997-2007-ci illərdə başçılıq etmiş Arkadi Qukasyanın qoyduqları pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb.
Mayın 20-də məhkəmə prosesi dayandırılıb, iş rəy üçün Konstitusiya Məhkəməsinə göndərilib.
Hökumət tərəfdarları Robert Köçəryanın yenidən həbsini tələb edir.
2018-ci il aprelin 9-dək Ermənistanda prezident postunu Serj Sərkisyan tutub. Həmin gündən ali icra hakimiyyətinin rəhbəri statusu baş nazirə keçib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib. Mayın 8-dən xalq etirazlarının lideri Nikol Paşinyan baş nazirdir. Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir.