Prezident İlham Əliyevin 30 may sərəncamı ilə Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə verilir. Bunun üçün normativ hüquqi aktların layihələri hazırlanmalıdır.
Novator.az bildirir ki, Maliyyə Monitorinqi Xidməti ötən il mayın 25-də, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən publik hüquqi şəxs kimi yaradılıb. Qurum pul vəsaitləri və ya digər əmlakla əməliyyat aparılmasını dayandırmaq, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul etmək və göstərişlər vermək hüququ alıb.
“Facebook” səhifəsində şərh yayan iqtisadçı Samir Əliyev Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinin strukturuna verilməsini pisləyib: “Maliyyə Monitorinqi Xidmətinin müstəqil olması Eqmont Qrupunun tələbidir. Eqmont Qrupunun əsasını 1995-ci ildə bir neçə dövlətin maliyyə kəşfiyyatı qurumları Belçika paytaxtı Brüsselin Eqmont-Arenberq sarayında qoyub. Hazırda 158 dövlətin maliyyə monitorinqi orqanları Eqmont Qrupunun üzvüdür.
Azərbaycan 2011-ci ildə Eqmont Qrupunun üzvü seçilib, ancaq 2017-ci ildə üzvlükdən çıxarılıb. Buna maliyyə kəşfiyyatını həyata keçirən qurumun müstəqil olmaması əsas gətirilib. 2018-ci ildə müstəqil quruma çevrildikdən sonra Maliyyə Monitorinqi Xidməti yenidən qrupun üzvüdür.
Eqmont Qrupu maliyyə kəşfiyyatı qurumlarının digər dövlət qurumlarının nəzdində fəaliyyət göstərməsinə bir şərtlə etiraz etmir – ana qurumla maliyyə monitorinqi orqanının funksiyaları fərqli olmalı və məlumatların təhlükəsizliyi ciddi qorunmalıdır. Yəni ana qurumun maliyyə monitorinqi orqanının məlumatlarına çıxışı olmamalıdır.
Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinə verilməsi onun Eqmont Qrupunda yenidən qeydiyyata alınmasını şərtləndirir və üzvlərin razılığını tələb edir. Bu isə son illər müxtəlif qurumların tərkibinə verilən Maliyyə Monitorinqi Xidməti üçün asan olmayacaq.
Rusiya, Ukrayna və Qırğızıstanda maliyyə monitorinqi qurumu müstəqildir. Ermənistan və Tacikistanda Mərkəzi Bankın, Türkiyə və Qazaxıstanda Maliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Belə qurumların müstəqilliyi şərtdir. Onlar hansısa quruma tabe edilirsə, bu halda ən yaxşısı Mərkəzi Bank və fiskal yığım funksiyalarını özündə birləşdirən Maliyyə Nazirliyidir.
Azərbaycanda maliyyə monitorinqi orqanının hansısa strukturun tərkibində fəaliyyəti yaxşı variant deyil. Çünki Mərkəzi Bankın və Maliyyə Nazirliyinin maliyyə monitorinqi sahəsində səlahiyyətləri məhduddur. Mərkəzi Bankın bank əməliyyatlarına nəzarəti azaldılıb. Bu işə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatası məsuldur. Maliyyə Nazirliyi isə fiskal yığım funksiyalarını özündə birləşdirmir.
Deməli, Azərbaycan üçün ən ideal variant Maliyyə Monitorinqi Xidmətinin müstəqil qurum olmasıdır. Vergilər Nazirliyinin müəyyən fiskal yığım səlahiyyəti olsa da, onun bank sektoruna nəzarət funksiyası yoxdur. Çirkli pulların yuyulması isə vergidən yayınma ilə məhdudlaşmır”.