Prezident İlham Əliyev mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB subyektləri) rəqabət qabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi qaydasını təsdiqləyib. Fərman mayın 29-da imzalanıb.
Novator.az-ın məlumatına görə, dəstək tədbirlərinin təşkilini və dəstək məbləğinin ödənilməsini Kiçik və Orta Biznesin İnkişafı Agentliyi həyata keçirəcək, ödəniş nağdsız olacaq.
Daxili bazar araşdırmalarına dövlət dəstəyi bu prinsiplər rəhbər tutulmaqla göstərilir: dövlət dəstəyinin KOB subyektləri üçün əlçatan olması; dövlət dəstəyindən KOB subyektlərinin faydalanması; maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə edilməsi; KOB subyektlərindən daxil olmuş müraciətlərin müəyyən edilmiş meyarlara əsasən seçilməsi.
Araşdırmaların aparılmasına ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb edilirlər.
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməz.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən subyekt ödəyir.
Kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan prosesdə xərc yarıbayarı bölünür.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşəbbüsü əsasında aparılan daxili bazar araşdırmalarının nəticələri KOB subyektlərinə ödənişsiz təqdim edilir.
Dəstək tədbirləri kredit və sığorta təşkilatlarına, investisiya fondlarına, qeyri-dövlət pensiya fondlarına, qiymətli kağızlar bazarının peşəkar iştirakçılarına, lombardlara; hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, oyun və mərc sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; idxal olunan məhsulların yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən (distribüterlik fəaliyyəti) KOB subyektlərinə; “Valyuta tənzimi haqqında” qanunla qeyri-rezidentlərə aid edilən şəxslərə; silah, həmçinin faydalı qazıntıların hasilatı və satışı ilə məşğul olanlara; əsas fəaliyyət növlərindən biri daşınmaz əmlakın icarəyə verilməsi olanlara; müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan hüquqi şəxslərə, sahibkarlıq fəaliyyəti ləğv (dayandırılma) mərhələsində olan fərdi sahibkarlara; dövlət büdcəsinə, vergilər, işsizlikdən sığorta və məcburi sosial sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyinin göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyini alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə; nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan artıq olan hüquqi şəxslərə, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin işçilərinə və onların yaxın qohumlarına (əri (arvadı), valideynləri, o cümlədən ərinin, arvadının valideynləri, babaları və nənələri, övladları, övladlığa götürənləri (götürülənləri), qardaşları və bacıları); sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə; məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə şamil edilmir.
Ötən il yaradılan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxsdir. Qurum aparatdan; kiçik və orta biznes evlərindən; kiçik və orta biznesin inkişafı mərkəzlərindən; Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən, kiçik və orta biznesin inkişafı fondlarından ibarətdir.