Mayın 29-da bir qrup azərbaycanlı fəal Tbilisi şəhərində, Gürcüstan parlamentinin binası qarşısında məhbus jurnalist Əfqan Muxtalıya dəstək aksiyası keçirib.
Onlar әllərindә “Әfqan Muxtarlıya azadlıq!”, “Araşdırıcının qiymәti 2 milyard dollar!” şüarları yazılmış plakatlar tutublar.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, 2017-ci il mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
2018-ci il yanvarın 12-də Balakən Rayon Məhkəməsi Əfqan Muxtarlını 6 il müddətinə azadlıqdan məhrum edib. O, dövlət sərhədini qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə və qaçaqmalçılıqda təqsirli bilinib.
2018-ci il mayın 11-dən Əfqan Muxtarlı 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
Gürcüstanda da Əfqan Muxtarlı ilə bağlı cinayət işinə başlanıb. İş qanunsuz azadlıqdan məhrumetmə motivi ilə araşdırılır.
2017-ci il oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva azyaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb.
“Turan”ın məlumatına görə, Gürcüstan parlamenti qarşısındakı aksiyanın iştirakçılarından olan İlkin Rüstəmzadə deyib ki, onlar bu aksiya ilə Әfqanı unutmadıqlarını, onunla bağlı bütün mәsәlәlәri diqqәtlә izlәdiklərini göstərirlər: “Əfqanın azadlığı üçün әlimizdәn gәlәni edәcәyik. Biz Әfqanla bağlı Azәrbaycan vә Gürcüstan hakimiyyәtindәn birlikdә etdiklәri qanusuzluqlara son qoymağı vә Әfqanın azadlığa buraxılmasını tәlәb edirik”.
Aksiyanın digәr iştirakçısı Bayram Mәmmәdov bildirib ki, Gürcüstan hakimiyyәti Әfqan Muxtarlının oğurlanmasından xәbәrdar olub vә Azәrbaycanın Gürcüstana yatırdığı 2 milyard dollar mәblәğindә investisiya tәsadüfi deyil.