Vəkil Şəhla Hümbətova maneədən gileylənib. Novator.az-ın məlumatına görə, o, mayın 29-u “Facebook” səhifəsində bu ilin yanvar ayından cəzaçəkmə müəssisələrinə buraxılmadığını yazır: “Bunun üçün min bir bəhanə uydurulur, cəzaçəkmə müəssisəsi Penitensiar Xidmətin üstünə atır, orada isə məsələmə baxılmır. Konkret olaraq 15 saylı Cəzaçəkmə Müəssisəsinə iki dəfə buraxılmamışam – fevral və mart aylarında. Dedilər 2019 il üçün yeni icazə məktubu gətirməlisən. Mən Ombudsman Aparatına zəng vurub şikayət etdim və aparatın işçisi Penitensiar Xidmətə bunun qanunsuz tələb olduğunu xatırlatdı.
Razılaşdılar ki, düzdür, məktub tələb olunmur, amma order köhnədir, Vəkillər Kollegiyası yeni order forması tətbiq edir, o formada order versin. Mən və Ombudsman Aparatının işçisi başa salmağa çalışdıq ki, bu, yeni müqavilələrə aiddir, iki il əvvəl bağlanan müqaviləyə yeni order verilə bilməz. Dedilər onda qoy kollegiya bizə məktub yazsın ki, köhnə müqavilələrə aid deyil…
Mayın 13-də yenidən 15 saylı müəssisəyə getdim və bu dəfə də yeni görüş məktubu tələb etdilər. Dedilər Penitensiar Xidmət belə tapşırıb.
Məsələ bundadır ki, görüş məktubu deyilən icazənin qanunsuz tələb olmasına baxmayaraq biz illərdir Penitensiar Xidmətə müraciət edib bu məktubun verilməsini xahiş edirik. İşimiz çətinə düşməsin deyə. İcazə məktubu adətən problemsiz, bir həftə, on gün ərzində verilir və gedib məhkumla görüşürük.
Bu ilin yanvarına qədər məndə də problem olmayıb, amma görünür, yanvardan qara siyahıya düşdüm. Məsələn, 12 saylı Cəzaçəkmə Müəssisəsində 2015-ci ilin Nardaran hadisələrinə görə tutulmuş məhbusla görüşmək üçün ərizə ilə müraciət etmişəm və beş aydır həmin görüş məktubu verilmir. Halbuki başqa vəkil həmin müəssisədə digər Nardaran məhbusu ilə görüşmək üçün ərizə verdi və bir həftə sonra görüş icazəsi aldı.
Mənim qara siyahıya salınmağımın, cəzaçəkmə müəssisələrinə girişimə qeyri-rəsmi qadağa qoyulmasının səbəbini düşünəndə ağlıma gələn yeganə ehtimal Mehman Hüseynovun işində (2017-ci ilin martından 2019-cu ilin mart ayına qədər həbsdə olmuş bloqçu – red.) Penitensiar Xidmətin sözünə baxmamağım və onun maraqlarına zidd hərəkət etməyimdir. Mehmanın müdafiəsi məhz yanvar ayına düşür və ondan əvvəl heç vaxt penitensiar müəssisələrə girişimdə problem olmayıb.
İki həftə əvvəl Vəkillər Kollegiyasına, ədliyyə nazirinə, Penitensiar Xidmətin rəisinə və ombudsmana şikayət göndərmişəm, amma heç bir cavab almamışam. Bundan əvvəl kollegiyaya gedərək sədr müavininə məsələni anlatmışam, söz verdi ki, araşdırıb həll edəcək. İki gün sonra bildirdi ki, Penitensiar Xidmətlə danışdım, dedilər hüququ pozulursa, versin məhkəməyə. Belə də edəcəm”.
Şəhla Hümbətova əlavə edir ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, vəkil və ya hüquqi yardım göstərmək hüququna malik digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır: “Vəkilin səlahiyyətlərini təsdiq edən sənəd vəkil vəsiqəsi və orderdir. Lakin cəzaçəkmə müəssisəsi order və vəsiqə ilə kifayətlənməyərək məhkumla görüşmək üçün qanunla nəzərdə tutulmayan sənəd, yəni məktub tələb edir, üstəlik, hər il həmin məktubun yenilənməsini istəyir. Bu praktika vəkilin və məhkumun hüquqlarının həyata keçirilməsinə icazə proseduruna çevrilərək onları Penitensiar Xidmətinin mülahizəsindən asılı vəziyyətə salır”.