Mayın 29-da Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası müxalif siyasətçi İlqar Məmmədovun işi üzrə qərarını elan edib.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb.
2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib. Sorğu məhkəməyə dekabrın 11-də çatıb. İcraat Böyük Palataya, yəni ən ali quruma verilib.
Böyük Palatanın sorğuya 2018-ci ilin martında baxacağı gözlənirdi.
Lakin Böyük Palata qərarını bir ildən də çox vaxt ötəndən sonra, həm də İlqar Məmmədov azadlıqda olduğu zaman elan edib.
“Azadlıq” radiosunun məlumatına görə, Böyük Palata hesab edib ki, Azərbaycan dövləti siyasətçini azadlığa buraxmamaqla, yəni Avropa Məhkəməsinin 2014-cü ildə çıxardığı qərarını icra etməməklə Avropa Şurası qarşısındakı öhdəliyini – Avropa İnsan Hüquqları Konvensiyasının 46.1-ci maddəsini pozub.
Sorğu ilə bağlı icraat Böyük Palataya verildiyi vaxtlarda – 2017-ci ildə Azərbaycan mediasında belə fikirlər səslənirdi ki, palata İlqar Məmmədovun işində öhdəliyin pozuntusunu tanıyarsa, sənədlər Nazirlər Komitəsinə tədbirlər (sanksiyalar) görməsi üçün geri qaytarılacaq.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilməlidir.
İlqar Məmmədov 2018-ci il avqustun 13-dən azadlıqdadır. Həmin gün Şəki Apellyasiya Məhkəməsi İlqar Məmmədovu azadlığa buraxıb və onun cəzasının qalan hissəsinin 2 il sınaq müddəti tətbiq olunmaqla şərti sayılmasına qərar verib.
2019-cu il martın 28-də isə Ali Məhkəmə Şəki Ağır Cinayətlər Məhkəməsinin İlqar Məmmədov haqqında çıxardığı 7 il azadlıqdan məhrumetmə cəzasını 5 il 6 ay 9 günə endirib, nəticədə İlqar Məmmədovun üzərindəki şərti həbs cəzasına da son qoyulub.
Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən İlqar Məmmədov Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub.
2008-ci ildə Respublikaçı Alternativ (REAL) Hərəkatını yaradıb və ona rəhbərlik edib.
2018-ci ilin aprelində hərəkatın bazasında Respublikaçı Alternativ Partiyası (REAL Partiya) təsis olunub. Təsis qurultayında İlqar Məmmədov partiya sədri seçilib.