Prezident İlham Əliyev mayın 29-u Bakı Sərgi Mərkəzində Beynəlxalq “Xəzər neft və qaz-2019” sərgi və konfransının, həmçinin Xəzər beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı çıxışında ilk sərginin keçirildiyi 1994-cü ildə ölkədə vəziyyətin tam fərqli olduğunu vurğulayıb: “Azərbaycan çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçib. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi, siyasi böhran ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz sektorumuzu, həm ümumiyyətlə ölkəmizi inkişaf etdirək”.
İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinin böyük əhəmiyyət daşıdığını deyib: “Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Bu baxımdan Azərbaycanın reallaşdırdığı və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkənin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır.
Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür edin, 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan verib. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün yeni imkanlar yaradılıb. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması, beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olub və ölkəmizə böyük fayda verib.
Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olub. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilib. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu mümkün olmazdı. Yəni bu layihələrin icrası və ümumiyyətlə Azərbaycanın neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaradıb və ölkəmiz sürətlə inkişaf etməyə başlayıb. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq. Eyni zamanda bilməliyik ki, neft-qaz sektoru bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaq.
Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın reallıqlarını şərtləndirən əsas amillərdən biridir”.