Mayın 29-da jurnalist Xəyalə Ağayeva Prezident Administrasiyasının binası qarşısında tutularaq polis bölməsinə aparılıb. 2 saat sonra o, sərbəst buraxılıb.
Novator.az bildirir ki, jurnalist bölmədən çıxandan sonra “Facebook” şəbəkəsində belə yazıb: “Respublika İdman Tibb Mərkəzi ləğv olunduğuna görə iş yerlərini itirən tibb işçilərini çəkirdim. Şikayətçilər prezidentə müraciət üçün administrasiyanın binasına tərəf qalxdılar. Administrasiyanın qəbul şöbəsinə çatanda polislər “çəkmək olmaz” dedilər. Çəkilişi dayandırsam da, məni maşına mindirib Səbail rayonundakı 9-cu polis bölməsinə gətirdilər. Məni gətirən polis bölmədə məruzə edib ki, administrasiyanın qarşısına gələn adamları iğtişaş törətməyə səsləyirdim. Halbuki hər şey canlı yayımdan aydın görünür. 2 saat saxlayıb sərbəst buraxdılar. Heç bir izahat almadılar”.
Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi bu ayın əvvəllərində Nazirlər Kabinetinin qərarı ilə ləğv olunub. Həmin vaxt Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova mediaya belə deyib: “1953-cü ildən fəaliyyət göstərən müəssisə uzun müddət istismar edildiyi üçün yararsız vəziyyətə düşüb, onun maddi-texniki bazası və tibbi avadanlıqları fiziki cəhətdən köhnəlib. Bu səbəbdən mərkəzin üzərinə düşən vəzifələrin icrasında ciddi çatışmazlıqlar yaranıb. Nöqsanların aradan qaldırılması məqsədilə bu ilin yanvar ayından mərkəz təmirə dayandırılıb. Buna baxmayaraq hazırda mərkəzin əməkdaşlarına aylıq vəzifə maaşları ödənilir. Təmir işləri yekunlaşandan sonra ləğv edilmiş mərkəzin işçi heyətinin Səhiyyə Nazirliyinin mütəxəssisləri vasitəsilə attestasiyası keçiriləcək. Attestasiyada uğur qazananların Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Milli İdman Tibb və Realibitasiya İnstitutu” MMC-də fəaliyyətlərini davam etdirməsi nəzərdə tutulur”.
Media hüquqçusu Xalid Ağalıyev Xəyalə Ağayevanın saxlanması hadisəsini jurnalistin peşə fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.
Xalid Ağalıyev “Facebook” şəbəkəsində yazıb ki, 20 ildir Azərbaycanda dəyişməyən təcrübə hökm sürür: tənqidi məzmunu ilə tanınan jurnalistlər peşə fəaliyyətini yerinə yetirərkən saxlanır, polisə aparılır, nəticədə onların peşə fəaliyyətini yerinə yetirməsi əngəllənir: “Polisin və digər rəsmilərin belə davranışı açıq-aşkar jurnalistin peşə fəaliyyətinə müdaxilədir. Pozuntunun arealı “İnformasiya əldə edilməsi haqqında” qanunun pozulmasından İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə qədər uzanır. Bu pis təcrübənin təsiri həm də fərdi olmur, eyni zamanda jurnalistlərin, özəlliklə jurnalistikaya yeni gələnlərin gözünü qorxudurlar. Olan-qalan vətəndaş cəmiyyəti, jurnalistlər, siyasilər, hökumət əl-ələ verib ölkəni də gözdən salan bu təcrübəyə son qoymalıdır”.