Mayın 27-si Bakıdakı “Buta” sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev mərasimdə nitq söyləyib.
Respublika Günü mayın 28-də qeyd olunur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb.
“Buta” sarayındakı çıxışında İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının tarixi hadisə olduğunu deyib: “İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olub. Bu onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görüblər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilib. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordu yaradılıb və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad edib. Bakı Dövlət Universiteti yaradılıb. Bu onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi.
200-dən çox qanun qəbul olunub. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilib. Yəni bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görüblər”.
Ölkədəki duruma toxunan dövlət başçısı deyib ki, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var: “Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülüb, məktəblər, xəstəxanalar tikilib. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq.
Bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir.
Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcək. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq.
Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq”.