Mayın 23-ü Bakıda “Son söz” adlı kitabın təqdimatı keçirilib.
Təqdimat mərasimində vaxtilə həbsdə olmuş, bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak ediblər.
D-18 Hərəkatının təqdim etdiyi kitabda 10 il ərzində siyasi məhbus sayılan bir çox adamın məhkəmədə dediyi son söz toplanıb.
Kitab beş hissəyə bölünüb. Nəşrdə jurnalistlərin, bloqçuların, yazarların, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasətçilərin, inanclı insanların, həbsxanada vəfat edən, həmçinin həbsdən sonra dünyadan köçən şəxslərin çıxışları dərc edilib.
Tədbirdə hərəkatın sədri Ruslan İzzətli qeyd edib ki, ölkədə onlarla siyasi məhbusun olması üzücü haldır.
İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup hazırda 70-dən çox adamı siyasi məhbus kimi tanıyır.
Amma rəsmi şəxslər bu iddiaları rədd edir, ölkədə heç bir siyasi məhbusun olmadığını bildirirlər. Ölkə rəsmiləri vurğulayırlar ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar.
Avropa Şurasının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.