Fuad Abbasovun iki şikayəti var
- 24 May 2019
- comments
- Novator.az
- Posted in Şərh
Rusiya yaşayan azərbaycanlı jurnalist və bloqçu Fuad Abbasov mayın 16-dan Moskva vilayətinin Korolyov şəhərində miqrantlar məntəqəsində saxlanır. Mayın 24-də ONA jurnalistlə müsahibə yayıb.
Fuad Abbasov Rusiyada Qarabağ məsələsini müntəzəm qaldıran, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid edən şəxs kimi tanınır.
– Fuad, neçə gündür tutulmağın barədə məlumatlar gündəmin əsas mövzusudur. Nə baş verir?
– Məncə, ermənilərin çoxdankı arzusu yerinə yetdi. Təəssüflər olsun ki, ermənilərin bu arzusunun yerinə yetməsini bəzi həmyerlilərimiz arasında da bayram kimi qeyd edənlər var. Mən heç bir azərbaycanlını günahlandırmaq istəmirəm. O azərbaycanlılar ki çıxıb deyirlər bunu biz eləmişik, yaxşı eləmişik, onları qınayıram. Çünki qərib ölkədə yaşaya-yaşaya bir-birinə qarşı belə hərəkət etməzlər. Bu, yaxşı hal deyil.
– Saxlanmağın necə baş verdi? Səni kimlər saxladı?
– Mənim burada 10 günlük saxlanma müddətim var. Bu gün artıq bir həftə tamam olur. Məni ötən həftənin dördüncü günü saxladılar. Eşidirəm mətbuatda yazırlar ki, guya sənədlərimi yoxlayan zaman məlum olub ki, sənədsizəm və buna görə saxlayıblar. Belə şey olmayıb. Mayın 16-da, səhər saat 11 radələrində evdən çörək almaq üçün çıxmışdım. Evdən çıxanda binamızın giriş qapısında üç nəfər mülkü geyimdə olan şəxs məni saxladı, heç bir xəbərdarlıq etmədən mənə hücum çəkdilər. Mən onların basqın elədiyini sandım, müqavimət göstərdim, məncə, hər kəsin reaksiyası belə olardı. Onlar üç nəfər, mən isə tək. Onların əlindən çıxıb özümü bayıra atdım və “Polis çağırın” deyib qışqırdım. Onda bir nəfər kostyumda olan şəxs gəldi və polis olduqlarını, məni saxlayanların da onların əməkdaşı olduğunu bildirdi.
Həm saxlayanda, həm də polis məntəqəsində mənimlə kobud davrandılar. Mənə imzalamaq üçün sənəd təqdim edildi. Orda yazılmışdı ki, mənim Rusiyada yaşamaq üçün icazəm ləğv olunub. Lakin bir daha bildirirəm ki, mənə bu barədə heç vaxt xəbərdarlıq olmayıb. Onlardan Rusiyada yaşayış üçün icazə sənədimin ləğv olunması haqqında sənədi tələb etdim. Dedim ki, göstərin mənə həmin sənədi, görüm Rusiyada yaşamaq iznim nə vaxt ləğv olunub. Həmin sənədi məhkəmədə hakimdən istəməli olduğumu bildirdilər. Daha sonra məni polis maşınına oturdub Ximki Şəhər Məhkəməsinə apardılar. Orada saxlanarkən sənədsiz olduğum, Rusiyada yaşamaq icazəmin ləğv olunduğu haqda yazılmışdı. Mən bunlarla razılaşmadığımı söylədim. Hakimdən də oturma iznimin ləğvi haqqında rəsmi kağızın göstərilməsini, nəyin əsasında ləğv olunduğunu öyrənmək istədim. Dedim ki, elə bir sənəd yoxdur. Hakim dediklərimə məhəl qoymadı, müşavirəyə getdi, daha sonra qayıdıb qərarını oxudu.
Sonra məni gətirdilər Moskva vilayətinin Korolyov şəhərindəki miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə. Beş gün yanıma heç kəsi buraxmadılar, zəng etməyimə də icazə vermirdilər. Mayın 21-dən isə telefonla danışmağıma icazə verdilər.
– Sənin Rusiyaya girişinin yasaq olduğunu bilə-bilə Belarusdan Rusiyaya qanunsuz daxil olduğun haqqında məlumatlar var.
– Xeyr, mən Moskvaya Bakıdan uçmuşam. Şeremetyevo hava limanından gəlmişəm. Bunu da çəkib göstərmişəm. Belarusdan icazəsiz Rusiyaya keçməyim haqqında məlumatı uydurublar.
– Bəs Rusiyaya girişin qadağan oluna-oluna Moskvaya necə gəldin? Axı deyilənlərə görə, sənə həmin vaxt artıq “stop” qoymuşdular…
– Bəli, həmin vaxt mətbuatda, sosial şəbəkələrdə mənə Rusiyada “stop” qoyulduğu haqqında məlumatlar yayılmışdı. Məhz bu məlumatları yoxlamaq üçün Moskvaya gəldim. Sərhəddə heç bir maneəyə rast gəlmədim. Yayılan məlumatlar əsasında mənim Rusiyaya girişimə “stop” qoyan qurumu məhkəməyə verdim. İstədim öyrənim ki, həmin məlumatlar doğrudur, ya yox. Əgər doğrudursa, o zaman qərarın qəbulu üçün əsas göstərilsin. Yalandırsa, qoy desinlər ki, belə bir hal mövcud deyil və bunun haqqında məhkəmə qərarı verilsin. Həmin qərar əsasında mən Rusiyaya sərbəst giriş-çıxış edə bilim. Aprelin 18-də məhkəməyə müraciət etdik. Mayın 7-nə ilk məhkəmə iclası təyin olundu. Yayılan məlumatların doğru olduğunu söylədilər. Məhkəmədə Rusiyaya girişimə qadağa qoyulması haqqında rəsmi sənədin göstərilməsini tələb etdim. Dedilər ki, indi həmin rəsmi sənəd üstlərində yoxdur. Gələn məhkəmə iclasında olacaq. Mayın 17-si səhər saat 11-də növbəti məhkəmə iclası idi. Mayın 16-da isə məni tutdular.
Mayın 17-də vəkilim Elman Paşayev mənim adımdan getdi məhkəməyə. O da “stop” qoyulması haqqında yazılı qərarın göstərilməsini tələb edib. Vəkilimə də göstərməyiblər, deyiblər ki, bu barədə daxili qərar var.
Bu gün miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olmağımın rəsmi səbəbi Rusiyada daimi yaşayış haqqında icazəmin ləğv olunmasına baxmayaraq ölkəni vaxtında tərk etməməyim, qeyri-qanuni olaraq Rusiyada qalmağımdır. Məni ölkəni tərk etməyim üçün saxlayırlar.
Dediklərinə görə, bu il martın 17-də yaşayış icazəm ləğv olunub. Qanuna görə, 15 gün ərzində ölkəni tərk etməliydim. Lakin mənə bu barədə heç bir xəbərdarlıq olmayıb. Bildirilməyib ki, Rusiyada yaşayış icazəm ləğv olunub və filan müddət ərzində ölkəni tərk etməliyəm.
Rusiyada yaşayış haqqında sənədimin müddəti 2023-cü ilə qədər idi. İndiyə kimi heç bir inzibati qayda pozuntum da olmayıb. İndi mənə deyirlər ki, həmin sənəd ləğv olunub və mən ölkəni tərk etməmişəm. Amma mənə bu barədə heç bir xəbərdarlıq olunmayıb.
– Rusiya televiziyalarının birində sənin haqqında “milli zəmində ədavəti qızışdırmaqda şübhəli bilinən azərbaycanlı saxlanıb” deyə süjet yayıb. Ümumiyyətlə, sənə belə bir ittiham irəli sürülübmü?
– Xeyr, bu müddətdə mənə bir kəlmə də olsun bu haqda heç nə deyilməyib. “Milli ədavəti qızışdırma” məsələsi “AzərRos” Federal Milli-Mədəni Muxtariyyətinin rəhbəri Mehriban Sadıqovanın arzularıdır. Onun özü mənə şəxsən deyib ki, guya Rusiyada yaşayan ermənilərlə azərbaycanlıların arasını vururam, məndən Rusiyanın rəsmi orqanlarına şikayət edəcəklər.
İndi əsas etirazım Rusiya Daxili İşlər Nazirliyinin Ximki Şəhər İdarəsinin əməkdaşlarınadır. Rusiyada daimi yaşamaq haqqında icazə sənədim ləğv olunmuşdusa, o zaman polis mənə xəbərdarlıq etməli idi. Heç bir xəbərdarlıq olmayıb. Birdən-birə gəlib məni evimin qapısından götürüb polisə aparıblar. Bu şikayətimə baxılmasını istəyirəm. Bir də yuxarı instansiya məhkəməsinə Rusiyada yaşamaq hüququmun bərpa olunması üçün müraciət etmişik.
– Azərbaycana deportasiyanın tarixi dəqiqləşibmi?
– Mayın 28-də deportasiya olunacam.