Cənubi Qafqazda ən iri hökumət Azərbaycandadır. Nazirlər Kabineti Azərbaycanda 34, Ermənistanda 26, Gürcüstanda 11 qurumdan ibarətdir.
Novator.az bildirir ki, Ermənistan hökumətinə baş nazir, onun 2 müavini, 12 nazirlik daxildir. Polis orqanı, 2 xidmət, 5 komitə, 6 müfəttişlik də hökumətin tərkib hissəsi sayılır.
Gürcüstan hökumətində baş nazir, 11 nazirlik var. Nazirlərin ikisi həmçinin baş nazirin müavini sayılırlar.
Həm Ermənistan, həm də Gürcüstanda hökuməti parlamentdə çoxluq təşkil edən partiyalar formalaşdırır, icra hakimiyyəti baş nazirə mənsubdur.
Azərbaycanda Nazirlər Kabineti prezidentin yuxarı icra orqanı kimi fəaliyyət göstərir.
Hazırda kabinetin rəhbərliyində baş nazir və onun 4 müavini təmsil olunur.
Hökumətdə 17 nazirlik var: Xarici İşlər Nazirliyi; Müdafiə Nazirliyi; Ədliyyə Nazirliyi; Daxili İşlər Nazirliyi; Fövqəladə Hallar Nazirliyi; Maliyyə Nazirliyi; Vergilər Nazirliyi; İqtisadiyyat Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Energetika Nazirliyi; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; Təhsil Nazirliyi; Səhiyyə Nazirliyi; Mədəniyyət Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Gənclər və İdman Nazirliyi.
Kabinetin tərkibində 8 komitə yer alır: Dövlət Gömrük Komitəsi; Dövlət Statistika Komitəsi; Əmlak Məsələləri Dövlət Komitəsi; Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi; Diasporla İş üzrə Dövlət Komitəsi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Mərkəzi icra hakimiyyəti orqanı olan 5 xidmət var: Dövlət Təhlükəsizliyi Xidməti; Xarici Kəşfiyyat Xidməti; Dövlət Sərhəd Xidməti; Dövlət Miqrasiya Xidməti; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti.
Dövlət Turizm Agentliyi; Qida Təhlükəsizliyi Agentliyi; Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Milli Arxiv İdarəsi də mərkəzi icra hakimiyyəti orqanlarıdır.