Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi qaydalarını təsdiqləyib.
Subbakalavrlar dedikdə orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər başa düşülür.
Novator.az bildirir ki, qaydalara görə, bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul olunmaq hüququna malikdirlər. Orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzinin orta ixtisas təhsili müəssisələrinə keçirdiyi müsabiqədə ümumi qaydada iştirak etməlidirlər.
Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edir və bu sənədləri qəbul olunmaq istədikləri orta ixtisas təhsili müəssisələrinə təqdim edirlər: Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər pasportlarını və (və ya) icazə vəsiqələrini), vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədlərini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini; ali təhsil haqqında sənədin və ona əlavənin notarial qaydada təsdiq edilmiş surətini; əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini və ali təhsil haqqında sənədin Azərbaycan Respublikasında tanınması barədə şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini.
Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulunu təhsil müəssisəsi aparır. Təhsil müəssisəsi bakalavrın həmin təhsil müəssisəsinə qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi (imtina səbəbi göstərilməklə) barədə 10 iş günü müddətində ərizəçiyə məlumat verməlidir.
Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. Onlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbul olunarkən həmin təhsil müəssisələrində yalnız tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçmək hüququna malikdirlər.
Ali təhsilin bakalavriat səviyyəsindən (əsas (baza ali) tibb təhsilindən) orta ixtisas təhsili müəssisəsinə köçürülən şəxs həmin təhsil müəssisəsində köçürüldüyü ixtisas üzrə təhsil alacağı qrup üçün müəyyən edilmiş məbləğdə təhsil haqqı ödəyir.
Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.