Azərbaycan Ordusunun mayın 20-dən başlayan əməliyyat-taktiki təlimləri davam edir. Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və vertolyot cəlb olunub. Əsas mövzu düşmənin gecə həmləsinin dəf edilməsi, müxtəlif istiqamətlərdə ona zərbələr endirib hücuma keçmədir.
Müdafiə Nazirliyinin 22 may məlumatına görə, poliqonlarda səhra şəraitində yaradılan təminat məntəqələrində fəaliyyətlər aparılır. Müxtəlif məntəqələrdə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin ideoloji və mənəvi-psixoloji hazırlığı həyata keçirilir, onlara psixoloji yardım göstərilir, hərbi qulluqçulara beynəlxalq humanitar hüquq mövzusunda ilkin biliklər verilir.
Fəaliyyət göstərən səhra tibb məntəqəsində təcili və davamlı tibbi müdaxilə, döyüş travmasının qiymətləndirilməsi, təxliyə və digər tibbi tədbirlər praktiki icra olunur.
Başqa bir məlumata əsasən, təlimlərə rəhbərlik edən müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib.
Cəbhə zonasına baş çəkən Zakir Həsənov müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olub. Nazir bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, Ermənistan silahlı qüvvələrinin üzbəüz yerləşən mövqelərini müşahidə edib və düşmənin törədə biləcəyi təxribatların qarşısının bütün atəş vasitələrinin tətbiqi ilə dərhal alınması barədə tapşırıqlar verib.
1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb.
1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.