Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2019-cu ilin ikinci rübündən sahə nəşrlərinin, o cümlədən 1997-ci ildən çıxan aparıcı idman qəzeti “Futbol+”in maliyyəsini kəsib.
Qərara qədər “Futbol+” fonddan ayda 5 min manat alıb. Aprelin 1-dən bundan məhrum olan “Futbol+” qəzeti dövriliyi həftədə 5 dəfədən 4 dəfəyə endirib.
Redaksiya hesab edir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qərarı “Futbol+”in media bazarından sıxışdırılıb çıxarılmasına, qəzeti çökdürməyə yönəlmiş addımdır. “Futbol+” qərara yenidən baxılmasını, qəzetə ayrılan aylıq maliyyənin bərpasını tələb edir və ara-sıra etiraz aksiyaları keçirir.
Mayın 23-də kollektiv Prezident Administrasiyasının qarşısında toplaşmağa cəhd göstərib. “Futbol+”in baş redaktoru Mahir Rüstəmli Novator.az-a deyib ki, metronun ”İçərişəhər” stansiyasının qarşısından administrasiyaya sarı gedərkən onları polis əməkdaşları saxlayıb: “Formalı və mülki geyimli polislərlə dialoqumuzu videoya çəkmək istəyən üç xanım reportyoru tutaraq Səbail Rayon Polis İdarəsinin 9-cu bölməsinə apardılar. Bizə isə administrasiyanın qarşısına toplaşmağa imkan verilməyəcəyi bildirildi. Mənə və qəzetin əməkdaşları Kənan Həsənovla Rəşad Qasımova administrasiyanın qəbul şöbəsində olmaq imkanı verdilər. Orada telefonla ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanovla söhbətimiz oldu. Onunla bu il aprelin 11-də bir araya gəlib tələblərimizi çatdırmışdıq. Ancaq bu, kollektivin istəyinin reallaşmasına gətirmədi.
Tahir Süleymanov bu gün bizə bildirdi ki, “Futbol+”in qaldırdığı məsələnin həlli onun səlahiyyətlərində deyil. Onun sözlərinə görə, mayın 24-də bizi ictimai-siyasi məsələlər şöbəsinin digər müdir müavini Vüqar Əliyev qəbul edəcək. Görək nə olur”.