Ukraynanın yeni prezidenti Vladimir Zelenski mayın 21-də parlamentin – Ali Radanın deputat fraksiyalarının təmsilçiləri ilə görüşüb. Novator.az-ın məlumatına görə, görüşdə növbədənkənar parlament seçkisi ilə bağlı müzakirələr aparılıb. Seçkinin iyulun 21-də keçirilməsi üçün ilkin razılıq əldə olunduğu bildirilir.
Növbəti parlament seçkisi payızda olmalı idi.
1978-ci il təvəllüdlü Vladimir Zelenski ilk turu martın 31-i, ikinci turu aprelin 21-də keçirilmiş prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb. O, prezident seçkisinin ikinci turunda 73,2% səslə qalib gəlib.
Mayın 20-si andiçmə mərasimindəki çıxışında Vladimir Zelenski Ali Radanı buraxdığını bəyan edib.
Xalq Xidmətçisi Partiyası Ali Radada təmsil olunmur.
Sabiq prezident Pyotr Poroşenkoya dəstək verən blokun Ali Radada 135 mandatı var.
Xalq Cəbhəsi 80, Müxalif blok 38, Samopomoş Partiyası 25, Dirçəliş Partiyası 25, Radikal Partiya 21, Batkivşina Partiyası 20, “Xalq iradəsi” qrupu 18 mandata sahibdir.
61 deputat heç bir fraksiyaya qatılmır.
Ölkə konstitusiyasına görə, hökuməti 450 yerlik parlamentdə azı 226 mandatı olan siyasi qüvvə qurur.
Parlamentin 225 deputatı majoritar (dairələr üzrə), 225 deputatı proporsional (partiya siyahıları üzrə) sistemlə seçilir.