Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri davam edir. Müdafiə Nazirliyinin 21 may məlumatına görə, qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritələr üzərinə işlənir. Mürəkkəb radioelektron şəraitdə kəşfiyyatdan və digər orqanlardan əldə edilən və yerlərdəki komandirlərdən gələn məlumatlar xəritələrdə əks olunur.
Mövcud vəziyyətə uyğun məruzələr icra üçün müasir rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə komandir-rəis heyətinə çatdırılır.
Eyni zamanda səhra şəraitində yaradılan əsas komanda məntəqəsinin atəşlə zərərvurmanın planlaşdırılması qrupu döyüşün gedişində atəşlə tələfat verilməsini effektiv təmin etmək məqsədilə düşmənin mühüm hərbi hədəfləri seçildikdən, aviasiya, zenit-raket və artilleriya qurğuları, həmçinin digər atəşlə zərərvurma vasitələri arasında bölüşdürüldükdən sonra müvafiq komandalar qoşunlara ötürülür.
Başqa bir məlumata əsasən, qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, zərbə qruplaşmalarının yaradılması və müəyyən olunmuş istiqamətlərdə tətbiqinə hazır olması, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.
Təlimin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.
Genişmiqyaslı əməliyyat-taktiki təlimlər mayın 20-də başlayıb. Təlimin əsas mövzusu düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və hücuma keçmədir.
Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.