Ermənistanın paytaxtı Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmə sabiq prezident Robert Köçəryan, general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyanın mühakimə prosesini dayandıraraq işi rəy üçün Konstitusiya Məhkəməsinə göndərib. Novator.az-ın məlumatına görə, detalları açıqlanmadığı üçün qərarın səbəbləri bilinmir.
1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan Robert Köçəryan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, 1997-ci ildən Ermənistanın baş naziri, 1998-ci ildən prezidenti olub.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət Dağlıq Qarabağdan olan baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.
Nikol Paşinyan 2008-ci ildə qırğınla nəticələnən aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-2011-ci illərdə həbsdə yatıb.
Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
İstintaqın gedişində sabiq prezidentə yeni ittiham irəli sürüb. Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
Mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Mart qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş general-polkovnik Seyran Ohanyana dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı irəli sürülüb. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
Seyran Ohanyan 1962-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. Azərbaycan torpaqlarının işğalının və soyqırımı cinayətlərinin rəhbərlərindən biridir. 1999-cu ildən Dağlıq Qarabağ rejiminin “müdafiə naziri”, 2007-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2008-2016-cı illərdə müdafiə naziri postlarını tutub.
Mart qırğını zamanı müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov da dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittihamı olunur. 2018-ci ilin iyul ayında həbsinə vəsatət verilmiş Yuri Xaçaturovu məhkəmə pul girovu müqabilində azadlığa buraxıb.
Yuri Xaçaturov 1952-ci ildə Gürcüstanda anadan olub. Azərbaycan torpaqlarının işğalının iştirakçısıdır. 2008-ci ildən Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub, 2016-cı ildən Ermənistan Milli Təhlükəsizlik Şurasına katiblik edib. 2017-ci il mayın 2-dən ötən il oktyabrın 30-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunu tutub.
Mart qırğını zamanı Prezident Administrasiyasının rəhbəri olmuş Armen Gevorkyan dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətində iştirakda, xüsusilə külli miqdarda rüşvət almaqda və qanunsuz yolla əldə edilmiş külli miqdarda gəliri leqallaşdırmaqda təqsirləndirilir. Ondan Ermənistanı tərk etməmək iltizamı alınıb.
1973-cü ildə Yerevanda doğulmuş Armen Gevorkyan 1997-ci ildən Ermənistanın dövlət idarəçiliyi sistemində işləyib. Baş nazirin köməkçisi, prezidentin birinci köməkçisi, Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi, ərazi idarəçiliyi naziri və baş nazirin müavini postlarını tutub.
Ermənistanın Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri general-polkovnik Mikael Arutunyanı da mart qırğınında təqsirli bilir. O, Rusiyada yaşayır.
Mikael Arutunyan 1946-cı ildə Azərbaycanın Şamaxı rayonunun Saqiyan kəndində anadan olub. Ermənistanın müdafiə naziri postunu 2007-2008-ci illərdə tutub. 2007-ci ilədək Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, müdafiə nazirinin birinci müavini olub. 2008-ci ildən Ermənistan prezidenti yanında baş hərbi inspektor vəzifəsində çalışıb.
Mayın 18-də Avan və Nor Nork məhkəməsi işğalçı Dağlıq Qarabağ rejiminin indiki rəhbəri Bako Saakyan və rejimə 1997-2007-ci illərdə başçılıq etmiş Arkadi Qukasyanın qoyduqları pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb. Hökumət tərəfdarları bu qərarı 2018-ci il inqilabından narazı qüvvələrin revanş cəhdi kimi qiymətləndirib. Mayın 19-u Yerevanda məhkəmənin qərarına etiraz yürüşü keçirilib. Baş nazir Nikol Paşinyanın çağırışına səs verən xalq kütlələri mayın 20-də ölkənin bütün məhkəmələrinin qarşısına sipər çəkərək bir neçə saat heç kimi içəri buraxmayıb.
2018-ci il aprelin 9-dək Ermənistanda prezident postunu Serj Sərkisyan tutub. Həmin gündən ali icra hakimiyyətinin rəhbəri statusu baş nazirə keçib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib. Mayın 8-dən xalq etirazlarının lideri Nikol Paşinyan baş nazirdir. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir.