İngiltərənin “Arsenal” komandası erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməmək qərarı verib. Novator.az bildirir ki, klubun rəsmi internet saytı məlumatı mayın 21-də açıqlayıb.
“Arsenal” mayın 29-u Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” klubu ilə UEFA Avropa Liqasının final oyununa çıxacaq. Bu klubun heyətində erməni Henrix Mxitaryan da var. Azərbaycanın idman, futbol qurumları, dövlət orqanları Henrix Mxitaryanın Bakı səfərinə hər hansı əngəl yaradılmayacağını vəd etmiş və onun təhlükəsizliyinə tam təminat vermişdi. Amma “Arsenal” riskə getmək istəmədi.
Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar təşkilat komitəsinə baş nazirin birinci müavini Yaqub Eyyubov sədrlik edir. AFFA prezidenti Rövnəq Abdullayev final oyununun Bakıda keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəridir.
Henrix Mxitaryan 1989-cu ildə Yerevanda anadan olub. “Arsenal”a qədər Ermənistanın “Pünik”, Ukraynanın “Metallurq”, “Şaxtyor”, Almaniyanın “Borussiya” (Dortmund), İngiltərənin “Mançester Yunayted” klublarında oynayıb. Ermənistan milli komandasının kapitanıdır.
Futbolçu işğal altında olan Azərbaycan torpaqlarına səfərləri və separatçı Dağlıq Qarabağ rejiminə yardımları ilə tanınır.
Henrix Mxitaryan Dortmund “Borussiya”sında oynayanda onun komandası Avropa Liqasında “Qəbələ” ilə bir qrupda mübarizə aparıb. O, 2015-ci il oktyabrın 22-si Bakıda keçirilən oyuna gəlməyib, noyabrın 5-i Dortmundda isə Azərbaycan komandasının qapısına top vurub.
Bu mövsüm “Arsenal” Ağdamın “Qarabağ” klubu ilə bir qrupda yarışıb. Henrix Mxitaryan 2018-ci il oktyabrın 4-ü Bakıda keçirilən oyuna gətirilməyib, dekabrın 13-ü Londonda isə ehtiyat skamyasında yer alıb.