Mayın 20-də Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı efirə çıxaraq xalqa müraciət edib. Novator.az-ın məlumatına görə, o, əhalini məhkəmələrin blokadasını aradan qaldırmağa çağırıb.
Fevralın 18-də paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmə işğalçı Dağlıq Qarabağ rejiminin indiki rəhbəri Bako Saakyan və rejimə 1997-2007-ci illərdə başçılıq etmiş Arkadi Qukasyanın qoyduqları pul girovu müqabilində Robert Köçəryanı azadlığa buraxıb. Bu qərar hökumət tərəfdarlarının qəzəbinə gətirib. Mayın 19-u Yerevanda məhkəmənin qərarına etiraz yürüşü keçirilib. Baş nazir Nikol Paşinyanın çağırışına səs verən xalq kütlələri mayın 20-si saat 8:30-dan ölkənin bütün məhkəmələrinin qarşısına sipər çəkərək heç kimi içəri buraxmayıb.
Mayın 20-də xalq səslənən baş nazir Nikol Paşinyan aksiyaların iştirakçılarına təşəkkür edərək bildirib ki, məhkəmələrin mühasirəyə alınmasının iki məqsədi vardı: xalqın gerçək müstəqil məhkəmə sisteminin yaradılması tələbini çatdırmaq və ədalətsiz məhkəmə sisteminə ictimai etirazı ortaya qoymaq: “Ermənistanda məhkəmə sisteminin xalq hakimiyyəti olmadan fəaliyyət göstərə bilməyəcəyi hər kəsə aydın oldu, hamı gördü ki, məhkəmə proseslərinə qanunsuz müdaxilə xalqın sərt müqaviməti ilə rastlaşır”.
Nikol Paşinyan hökumətin və parlamentin məhkəmə sistemində islahatlar paketi üzərində işlədiyini bildirib.
Saat 13:30-da bütün məhkəmələrin mühasirəsi aradan qaldırılıb.
Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri olub, 1998 və 2003-cü illərdə prezident seçilib.
2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib.
Nikol Paşinyan 2008-ci ildə qırğınla nəticələnən aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, 2009-2011-ci illərdə həbsdə yatıb.
Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, ötən il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.
Paytaxt Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib.
İstintaqın gedişində sabiq prezidentə yeni ittiham irəli sürüb. Robert Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
Mayın 13-dən Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmədə bu iş üzrə proses başlayıb. Robert Köçəryanla birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan mühakimə olunur.
Robert Köçəryanın azadlığa buraxılmasını hakimiyyət 2018-ci il inqilabından narazı qalan qüvvələrin revanş cəhdi kimi qiymətləndirib.
2018-ci il aprelin 9-dək Ermənistanda prezident postunu Serj Sərkisyan tutub. Həmin gündən ali icra hakimiyyətinin rəhbəri statusu baş nazirə keçib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib.
Həmin il mayın 8-dən xalq etirazlarının lideri Nikol Paşinyan baş nazirdir. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir.