Yalçın İmanovun vəkilliyi: məhkəmə daha bir qərar verdi
- 17 May 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Mayın 17-də Gəncə Apellyasiya Məhkəməsi hüquqşünas Yalçın İmanovun şikayətinə baxıb. Novator.az-ın məlumatına görə, hakim Afiq Hüseynzadənin sədrlik etdiyi prosesdə Yalçın İmanov Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il qərarının ləğvini istəyib.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib.
Gəncə İnzibati-İqtisadi Məhkəməsi ilkin baxış zamanı 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddianı icraata götürməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib.
Hüquqşünas Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə də şikayət edərək Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. Məhkəmə iddiaya baxmayıb. Apellyasiya instansiyası bu qərardadı qüvvədə saxlayıb. Yalçın İmanov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib.
Gəncə Apellyasiya Məhkəməsinə şikayətində hüquqşünas Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il qərarının tam ləğvini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin ona qarşı kollegiya üzvlüyündən xaric edilmə tələbinə dair iddiasının rədd edilməsini; Vəkillər Kollegiyası İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyini saxtalaşdırmış şəxslər barəsində xüsusi qərardad çıxarılmasını; Avropa İnsan Hüquqları Konvensiyasının 8, 10, 11, 18-ci maddələri və 1 saylı protokolun 1-ci maddəsi ilə qorunan şəxsi həyata və ailə həyatına hörmət; fikri ifadə etmək azadlığı; yığıncaqlar və birləşmək azadlığı; hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri; mülkiyyətin müdafiəsi hüquqlarının pozuntusunu tanımağı istəyib.
Mayın 17-si Gəncə Apellyasiya Məhkəməsində baxış zamanı Yalçın İmanov vəsatətlər qaldırıb.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının iddiaçıdan tələb edilməsinə dair vəsatətdə hüquqşünas bunları qeyd eləyib: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması və vəkillik fəaliyyətinə xitam verilməsi Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə rəsmiləşdirilir. Həmin qərarın surəti, dəfələrlə müraciətlərimə baxmayaraq, bu vaxtadək mənə təqdim edilməyib. Hesab edirəm ki, mübahisəyə obyektiv və ədalətli baxılması üçün sözügedən qərar iddiaçıdan tələb edilməlidir”.
Digər vəsatətdə Yalçın İmanov İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş versiyasının iddiaçıdan tələb edilməsini istəyib: “Vəkillər Kollegiyası İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyində bu qərara gəlinib ki, Penitensiar Xidmətin müraciəti, mənim izahatım və izahata əlavə edilmiş sənədlərdə göstərilən məlumatlar xüsusi araşdırma tələb etdiyindən və İntizam Komissiyasının belə araşdırma aparmaq səlahiyyəti olmadığından mənim əməlimdə intizam pozuntusunun mövcudluğunu müəyyən etməsini və mənim intizam məsuliyyətinə cəlb edilməmi mümkün saymır.
Bu rəy İntizam Komissiyasının 19 sentyabr 2017-ci ildə keçirilən iclasında mənə elan edilib, bununla da komissiyanın iclası başa çatıb. Ancaq iddiaçının məhkəməyə təqdim etdiyi eyni tarixli rəydə həmin rəyin nəticə hissəsi dəyişdirilib, mənim qanun pozuntusuna yol verdiyim göstərilib.
Rəyin nəticə hissəsinin dəyişdirilməsini İntizam Komissiyasının rəyə 20 sentyabr 2017-ci il əlavəsi də təsdiq edir. Həmin rəyin nəticə hissəsinin nəyə görə dəyişdirildiyi, hansı səbəblərdən intizam işinin materiallarına uyğun olmadığı, İntizam Komissiyasının hansı iclasının hansı saylı qərarı ilə rəydən çıxarıldığı, nəyə görə bu haqda mənə əvvəl və sonradan heç bir məlumat verilmədiyi, rəyin yeni nəticə hissəsinin hansı səbəbdən mənə elan edilmədiyi aydın deyil.
Hesab edirəm ki, bu iş üzrə obyektiv və ədalətli qərar çıxarılması üçün Vəkillər Kollegiyası İntizam Komissiyasının 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş nəticə hissəsi iddiaçıdan tələb edilərək məhkəmə iclasında araşdırılmalıdır”.
Yalçın İmanov rəyə və rəyə əlavəyə imza atmış şəxslərin dindirilməsini, 9 sentyabr 2017-ci il rəyinin dəyişdirilməmiş nəticə hissəsini özündə əks etdirən şəkilin inzibati işin materiallarına əlavə edilməsini, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının onunla bağlı hissəsinin bəzi saytlarda dərc edilmiş stenoqramının inzibati işin materiallarına əlavə olunmasını, İntizam Komissiyasının 19 sentyabr 2017-ci il iclasının gündəliyinin və iclas protokolunun iddiaçıdan tələb edilməsini də istəyib.
Başqa bir vəsatətində Yalçın İmanov bunları bildirib: “Gəncə İnzibati-İqtisadi Məhkəməsində 14 fevral 2019-cu ildə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili 19 sentyabr 2017-ci ildə İntizam Komissiyasının iclasında mənə elan edilmiş, mənim əməlimdə intizam pozuntusunun olmamasına dair rəyin İntizam Komissiyasının həmin vaxt sədri olmuş Arif Rəsulovun xüsusi rəyi olduğunu və sonradan komissiya üzvlərinin bu rəylə razılaşmadığını, buna görə də rəyin nəticə hissəsinin dəyişdirildiyini bildirdi.
İddiaçının nümayəndəsi mənim əməlimdə intizam pozuntusunun olmamasına dair xüsusi rəyin mövcud olduğunu qeyd etsə də, bu xüsusi rəy inzibati mübahisənin materiallarına əlavə edilməyib.
Hesab edirəm ki, bu iş üzrə obyektiv və ədalətli qərar çıxarılması üçün iddiaçının nümayəndəsi və vəkilinin qeyd etdiyi xüsusi rəy iddiaçıdan tələb edilərək məhkəmə iclasında araşdırılmalıdır”.
Gəncə Apellyasiya Məhkəməsi vəsatətləri, eləcə də şikayətləri təmin etməyərək Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarı qüvvədə saxlayıb.
Novator.az-a danışan Yalçın İmanov hüquqlarının müdafiəsi üçün sonadək mübarizə aparacağını, Gəncə Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəyini bildirib.
Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı
İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”
Milli Şuradan vəkillik çağırışı
Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər
Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir
Yalçın İmanov cəza qərarını ala bilmir
Yalçın İmanov prosesi Gəncədə olacaq
Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?
Yalçın İmanov Ali Məhkəməyə üz tutur
Hüquqşünasın işi yeni mərhələdə
Yalçın İmanov prosesi təyin olunub
Yalçın İmanovun şikayətinə bu ay baxılacaq
Yalçın İmanovun şikayəti təmin olunmadı
Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq
Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi
Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi
Yalçın İmanov: çəkişmələr davam edir
Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı
Yalçın İmanovun işi yekun qərara gedir
Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi
Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq
Yalçın İmanov daha bir şikayət verib
Yalçın İmanovun işi: yenə “yox”