Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Laçının işğalının 27-cı ili bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “27 il bundan öncə Ermənistan silahlı qüvvələri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunu işğal edib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davamı olan işğal nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hazırda 77 min 518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.
Beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni fəaliyyəti davam etdirir: coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.
BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrlə Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrə, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.
Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcək. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kvo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaq.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı BMT nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.
Novator.az bildirir ki, 1988-ci ilin fevral ayında ermənilər Azərbaycanın Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanın tərkibinə verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib, Goranboy rayonunun tərkib hissəsidir) ərazisini “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca ermənilərin əlinə keçib.
Noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub. Parlament tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib.
1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhəri işğal edilib.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunub.
Mayın 17-də Laçın şəhəri işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib.
İyunun 14-də keçmiş Şaumyan rayonu erməni işğalından tam azad edilib.
İyulun 4-də Ağdərə şəhəri Azərbaycan qoşunlarının nəzarətinə keçib, sonra rayonun böyük hissəsi azad olunub, Tərtər-Kəlbəcər yolu açılıb.
Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1992-ci ilin yay-payız aylarında Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi azad edilib.
1993-cü ilin fevral ayından başlayaraq ermənilər keçmiş Ağdərə rayonunun bir hissəsini nəzarətə götürüb, Tərtər-Kəlbəcər yolu yenidən bağlanıb.
Martın sonundan aprelin 2-dək Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən ermənilərin əlinə keçib.
İyunun sonunda ermənilər Ağdərə şəhərini yenidən zəbt edib.
İyulun 23-də Ağdam şəhəri işğal edilib.
Avqustun 23-də Füzuli və Cəbrayıl rayonları işğal olunub.
Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri, ayın 31-də Qubadlı rayonu işğal edilib.
Oktyabrın 29-da Zəngilan rayonu işğal edilib.
1994-cü il yanvarın 5-də Azərbaycan qoşunlarının keçirdiyi əməliyyat zamanı Füzuli rayonunun 22 kəndi və Horadiz qəsəbəsi, Cəbrayılın Cocuq Mərcanlı kəndi azad edilib.
Mayın 12-də Azərbaycan və Ermənistanın müdafiə nazirləri, eləcə də Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin komandanı Moskvada atəşkəs sazişi imzalayıb.
2016-cı il aprelin 2-dən 5-dək Azərbaycanın Silahlı Qüvvələri əks-həmlə əməliyyatları zamanı Ağdərə, Füzuli və Cəbrayıl istiqamətində bəzi məntəqələri işğaldan azad edib…
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.