“İdxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir”. Prezident İlham Əliyev mayın 16-sı Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunu açarkən belə deyib.
Arayışa görə, müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı zavodunun illik istehsal gücü 150 milyon şprisdir. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 5 milyon manat güzəştli kredit verib. İki hektar ərazidə yerləşən zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya texnologiyaları və avadanlıqlarından istifadə olunur. Müəssisədə istehsal edilən məhsullar yerli bazarın tələbatını ödəməklə yanaşı Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac ediləcək.
Müəssisənin kollektivi ilə görüşən İlham Əliyev deyib ki, şprislər ölkənin səhiyyə sistemində istifadə olunacaq və Azərbaycan bu sahədə də idxaldan asılılığı aradan götürmüş olacaq: “Hər bir yeni müəssisənin açılışı məni sevindirir. Çünki hər bir müəssisənin açılışı yeni iş yerləri deməkdir. Mənə verilən məlumata görə, burada ilkin mərhələdə 30, sonra isə 150 yeni iş yeri yaradılacaq.
Bütövlükdə Pirallahı rayonunda işsizliklə problem demək olar yoxdur. Son illərdə Pirallahı rayonunda çox böyük quruculuq-abadlıq işləri aparılıb, rayonun, adanın siması gözəlləşib, çox böyük inkişaf var, yaşayış binalarının təmiri, yeni ictimai zonaların, iş yerlərinin yaradılması, yeni körpünün salınması rayonun gələcək inkişafına qoyulan sərmayədir və rayona göstərilən diqqətdir.
Bu zavodda bizim siyasətimiz öz əksini tapır. Çünki idxaldan asılılığı azaltmaq bizim üçün əsas məsələlərdən biridir. Bu günə qədər biz şprisləri xaricdən alırdıq, indi isə buna ehtiyac qalmır, əksinə, verilən məlumata görə, artıq xaricdən sifarişlər də alınır. Beləliklə, həm daxili tələbat tam ödəniləcək, həm də biz öz yeni məhsulumuzu xaricə ixrac etmiş olacağıq. Bu, sənayemizin inkişafına verilən töhfədir. Ölkəmizdə sənaye istehsalı artır. Görülən işlər nəticəsində bu ilin dörd ayında qeyri-neft sektorunda 15 faizdən çox artım olub. Həm sənaye potensialımızı gücləndirən böyük müəssisələr fəaliyyətə başlayır, həm də kiçik və orta müəssisələr işə düşür. Ölkəmizdə çox gözəl biznes mühiti, sərmayə iqlimi var. Belə olmasaydı, xarici şirkətlər, yerli şirkətlər vəsait qoymazdılar. Beləliklə, biz biznes mühitinin yaxşılaşması nəticəsində yeni reallıqları görürük və əminəm ki, dinamik inkişafımız bundan sonra da təmin ediləcək.
İqtisadi və sosial sahədə aparılan islahatlar nəticə verir. Mən bunu dəfələrlə qeyd edirəm ictimaiyyət bilsin ki, nə qədər böyük islahatlar aparılıb və aparılacaq. Bu imkan verir ki, biz sosial sahəni də gücləndirək, işsizliyi aradan qaldıraq, yerli istehsalı artıraq və beləliklə, vətəndaşların sosial təminatını gücləndirək. Bu il atılan addımlar, imzalanmış sərəncamlar, qəbul edilmiş qərarlar bizim siyasətimizi əks etdirir. Biz sosial yönümlü siyasət aparırıq və bu siyasət öz nəticəsini verir.
Əlbəttə, gələcəkdə hələ çox işlər görüləcək. Regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü dövlət proqramının icrası başlayıb. Əminəm ki, bu il nəzərdə tutulan bütün vəzifələr icra ediləcək. Dinamik inkişafa nail olmaq üçün qeyri-neft sektorunun xüsusi rolu var. Biz bu məsələ ilə çox ciddi məşğuluq və nəticələr də göz qabağındadır. Bir neçə il bundan əvvəl bu zavodun yaradılmasını bəlkə də təsəvvür edə bilməzdik, xüsusilə Pirallahı rayonunda. Burada ümumiyyətlə qeyri-neft sektoru ilə bağlı işlər yavaş gedirdi. Ancaq indi bu zavod reallıqdır. Bu, Pirallahı Sənaye Parkında birinci zavoddur. Burada bir neçə müəssisə yaradılacaq. Hazırda tikilməkdə olan böyük dərman preparatları zavodunun fəaliyyətə başlaması nəticəsində daha çox iş yerləri açılacaq və biz dərman preparatlarının idxalından asılılığı müəyyən dərəcədə aradan götürəcəyik. Digər zavodların fəaliyyətə başlaması nəzərdə tutulur. O cümlədən sosial məsələlər öz həllini tapır. Məcburi köçkünlər üçün yeni evlər tikilir və burada 300 köçkün ailəsi evlə təmin olunacaq, məktəb tikilir. Yəni bu zavodun timsalında siyasətimizin uğurlu nəticələrini görürük və bu bizi gələcəkdə yeni addımların atılmasına sövq etməlidir. Biz düzgün yolla inkişaf edirik və dinamik inkişaf bundan sonra da mütləq gedəcək.
İslahatlarla bağlı bizim siyasətimiz bu gün burada bir daha özünü göstərir. Əminəm ki, növbəti dövrdə həm sənaye, həm kənd təsərrüfatı, həm də infrastruktur sahələrində daha geniş miqyasda əlavə nəticələr olacaq”.