Bu il mayın 29-u Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu, 2020-ci ilin yayında isə Avropa futbol çempionatının final raundunun dörd matçı keçiriləcək. Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna və Vergi Məcəlləsinə bununla bağlı dəyişiklikləri imzalayıb.
Novator.az bildirir ki, “Gömrük tarifi haqqında” qanunda dəyişikliyə əsasən, bu iki turnir üçün təsdiqedici sənəd əldə edib həmin oyunlara qatılan və ya oyunların təşkilinə, keçirilməsinə cəlb olunmuş şəxslərin həmin oyunlarla bağlı idxal etdiyi mallar gömrük rüsumlarından azad olunur.
Vergi Məcəlləsində yeniliyə görə, təsdiqedici sənəd əsasında Avropa Liqasının final oyunu və Avropa futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirlərə gəlir vergisindən azadolmalar və güzəştlər düşür.
Hər iki sənəd 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olur.
Dövlət başçısı vergi və gömrük güzəştləri və azadolmalarının tətbiqi üçün təsdiqedici sənədin verilməsi qaydasını da təsdiqləyib. Qaydaya əsasən, təsdiqedici sənədi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) verir.
Təsdiqedici sənədin verilməsi üçün malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı ilə əlaqədar şəxslərin siyahısını UEFA təsdiq etməli və elektron qaydada AFFA-ya göndərməlidir. Vergilər Nazirliyinin və ya Dövlət Gömrük Komitəsinin müraciəti əsasında AFFA-nın malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi ilə bağlı müqavilələrin surətlərini UEFA-dan tələb etmək hüququ var.
Təsdiqedici sənəddə onun verildiyi şəxslərə dair bu məlumatlar öz əksini tapmalıdır: fiziki şəxsdirsə – adı, atasının adı, soyadı, fərdi identifikasiya nömrəsi (Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə münasibətdə), futbol klubunun (assosiasiyasının) oyunçusu və ya işçisi olmasına dair məlumat; hüquqi şəxsdirsə – adı, qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, ünvanı, UEFA-nın yaratdığı və ya onu təmsil edən, yaxud onun səlahiyyətləndirdiyi hüquqi şəxs olmasına dair məlumat.
Təsdiqedici sənəd UEFA-nın rəsmi təqdim etdiyi siyahıda adları sadalanan şəxslərlə bağlı həmin şəxslərin müraciəti olmadan, UEFA-nın müraciəti əsasında AFFA-dan 3 iş günü ərzində verilir.
AFFA verdiyi təsdiqedici sənədlə birgə bu məlumatları da elektron qaydada və ya kağız daşıyıcıda 3 iş günü ərzində Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə təqdim etməlidir: xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin adı; xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin qeydiyyatda olduğu ölkədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; xidmət (mal, iş) əldə edən və təqdim edən vergi ödəyicisinin rezidenti olduğu ölkə; xidmətin (malın, işin) adı; xidmətin (malın, işin) məzmunu; müqavilənin tarixi; müqavilənin nömrəsi; müqavilənin dəyəri; müqavilənin icrasının başlanma tarixi; müqavilənin icrasının bitmə tarixi.
Vergilər Nazirliyi və (və ya) Dövlət Gömrük Komitəsi məlumatlarda uyğunsuzluq və ya çatışmazlıq aşkar etdikdə və onların aradan qaldırılması mümkün olmadıqda bu barədə AFFA-ya dərhal məlumat verməlidirlər.