Prezident İlham Əliyev vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı fərman imzalayıb. Novator.az-ın məlumatına görə, mayın 15-də verilən fərmana əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və verilən hüquqi sənədlərin vahid “G2B” elektron reyestri Dövlət Xidmətlərinin Elektron Reyestrinin tərkibində təşkil edilir.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görmək tapşırılıb.
Sənəd kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısında dəyişiklikləri də nəzərdə tutur. Yeniliyə görə, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla Azərbaycanın digər inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətidir.
Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlanması Bakı Nəqliyyat Agentliyinə həvalə edilir.
Ötən il iyunun 26-da İlham Əliyev Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsinə fərman verib. Fərman icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqi sənədlərin vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin yaradılmasını nəzərdə tutub.
Fərmanla Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nizamnaməsi və strukturu, eləcə də kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı təsdiq edilib.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi aparatdan; kiçik və orta biznes evlərindən; kiçik və orta biznesin inkişafı mərkəzlərindən; Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzindən, kiçik və orta biznesin inkişafı fondlarından ibarətdir.