Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 13-ü Belçikanın paytaxtı Brüsseldə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Onlar Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramına qatılan ölkələrin liderlərinin şam yeməyində bir araya gəliblər.
Novator.az-ın məlumatına görə, Nikol Paşinyan jurnalistlərə deyib ki, süfrə arxasında İlham Əliyevlə Dağlıq Qarabağ məsələsinin hazırkı durumu üzrə qısa söhbətləri olub.
Yeni görüş ehtimalı barədə sualı cavablandıran Nikol Paşinyan deyib ki, hələlik konkret plan yoxdur: “Mən inanıram ki, danışıqlar prosesi davam edəcək. İndi Dağlıq Qarabağı danışıqlar masasına qaytarmaq çox vacibdir. Bu münaqişəni Qarabağsız həll etmək mümkün deyil”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.
Nikol Paşinyan Ermənistan hökumətinə ötən il mayın 8-dən başçılıq edir. O, indiyəcən Azərbaycan prezidenti İlham Əliyevlə dörd görüş keçirib: 2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində və martın 29-u Avstriyanın paytaxtı Vyanada. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.