Prezident İlham Əliyevin 28 fevral 2019-cu il fərmanı fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə gecikən borclar üçün devalvasiya kompensasiyaları nəzərdə tutur.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların rəsmi kursunu 0,7862 manatdan 1,05 manata qaldırıb. Dekabrın 21-də Mərkəzi Bank ikinci devalvasiyaya qərar verib, rəsmi kurs 1,55 manat olub. Hazırda 1 dollar 1,7 manata təklif edilir.
28 fevral fərmanına əsasən, 2015-ci il fevralın 21-nə xarici valyutada olan əsas kredit borcu üzrə 1 ABŞ dollarına 25 qəpik, həmin il dekabrın 21-nə xarici valyutada əsas kredit borcu üzrə 1 ABŞ dollarına 60 qəpik kompensasiya ödənir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub. Mayın 13-dək 506 min vətəndaşa ödənişlər təmin edilib. Kompensasiya ödənişləri 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib, 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.
Novator.az bildirir ki, yanvarın 1-nə problemli kreditlər 1 milyard 585 milyon manat, fevralın 1-nə 1 milyard 569,4 milyon manat, martın 1-nə 1 milyard 574,7 milyon manat, 2019-cu il aprelin 1-nə 1 milyard 558 milyon manat həddində olub.
Aprelin 1-nə xarici valyutada 4 milyard 798,9 milyon manat kredit qeydə alınıb. Bunun 777,7 milyon manatı problemli kreditdir.