“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi “Əhali arasında viruslu hepatitlər mövzusunda ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəyə start verib.
Layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. Mayın əvvəlindən başlanan layihə dörd ay müddətində Bakı şəhərində reallaşdırılacaq.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva Novator.az-a bildirib ki, layihənin əsas məqsədi təhlükəli yoluxucu xəstəliklər sırasında yer alan viruslu hepatitlərlə mübarizədə vətəndaş cəmiyyəti təşəbbüslərinin gücləndirilməsi və bu məqsədlə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər arasında mövzuyla bağlı ictimai maarifləndirmə işlərinin aparılmasıdır.
Layihə çərçivəsində kişilər və qadınlar üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində, həmçinin yeniyetmələr üçün tərbiyə müəssisəsində maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılır. Tədbirlərdə məhkumlar yoluxucu xəstəlik sayılan viruslu hepatitlər haqqında – onların simptomları, yoluxma yolları, xəstəlikdən qorunma qaydaları, profilaktik qabaqlayıcı tədbirlər və sair barədə geniş məlumatlar alacaqlar. Məlumatların dərin mənimsənilməsi və yaddaqalan olması üçün müxtəlif görüntülərdən və sosial çarxlardan istifadə olunacaq. Sonda 1000 ədəd çap materialı (flayer) və 3 ədəd maarifləndirici divar lövhəsi cəzaçəkmə müəssisələrinə təqdim ediləcək.
Tədbirlər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin nümayəndələri, həmçinin həkimlərin iştirakı ilə keçiriləcək.