Prezident İlham Əliyev mayın 13-dən Belçika Krallığında işgüzar səfərdədir. Həmin gün o, paytaxt Brüsseldə kral Filiplə görüşüb. Görüşdə Azərbaycan-Belçika münasibətləri, regiondakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə edilib.
İlham Əliyev Filipə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verərək münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunulub, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub.
AZƏRTAC-ın məlumatına görə, sonra prezident Avropa İttifaqı Şurasının sədri Donald Tuskla bir araya gəlib. Azərbaycanın Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaş olduğunu qeyd edən Donald Tusk ölkənin regiondakı rolunun Brüsseldə yüksək qiymətləndirildiyini vurğulayıb.
İlham Əliyev deyib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər çox uğurla inkişaf edir və ölkə bu əlaqələrin genişlənməsinə böyük önəm verir.
Görüşdə ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin əhəmiyyəti vurğulanıb, həmçinin tərəflər arasında üzərində danışıqlar gedən tərəfdaşlıq sazişi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmin gün Donald Tuskun adından Şərq tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib. Şam yeməyində çıxış edən İlham Əliyev deyib ki, Azərbaycan Şərq tərəfdaşlığı proqramında iştirak edən fəal ölkələrdən biridir: “Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə də sıx əlaqələrə malikdir. Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır və təşkilatın üzv dövlətləri ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış edirlər”.
Prezident Şərq tərəfdaşlığı proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. O, Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.
İlham Əliyev xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlət başçısı bildirib ki, ölkənin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.
1957-ci ildə yaradılmış Avropa İttifaqının 28 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan. Böyük Britaniya qurumdan çıxmaq üzrədir.
Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı 2009-cu ildə elan olunub. Proqram Ukrayna, Moldova, Belarus, Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edir.